Binəqədi rayonunda Novruz bayramı münasibətilə türkdilli xalqların Novruz festivalı keçirildi
Martın 17-də Binəqədi rayonunda Novruz bayramı münasibətilə türkdilli xalqların Novruz festivalı keçirildi.
Rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, türkdilli dövlətlərin ölkəmizdəki səfirləri, Türkiyəli şair Camal Safi, türk yazar Mehmet Ercan, millət vəkilləri Qənirə Paşayeva, Madər Musayev, Rafael Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul əməkdaşları, rayonun icra strukturu, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəblilər və rayon ictimaiyyəti iştirak etdi.
Qonaqları ilk öncə milliliyimizin, türk ulusunda ağsaqqallıq simvolu sayılan Dədə Qorqud qarşılayaraq tonqal qaladı, Novruz bayramının əsas rəmzlərindən olan kosa və keçəl onlara bayram əhval-ruhiyyəli səhnələr təqdim etdilər. Sonra qonaqlara milli nemətlərimizdən təamlar təqdim edildi.
Türkdilli ölkə səfirləri, həmin ölkələrin ölkəmizdə akkreditə olunmuş diplomatik korpusunun əməkdaşları, onların ailə üzvlərinin iştirakı ilə həyata keçirilən Novruz festivalında parkda qurulmuş hər bir türkdilli dövlətə məxsus çadırda milli mətbəxlər, adət-ənənələr, mərasimləri əks etdirən komponentlər göstərildi.
Qonaqlar və tədbir iştirakçıları türkdilli ölkələrin milli Novruz ənənələrinin nümayiş olunduğu və hər bir türk dövlətini simvolizə edən çadırlara baxmaqla yanaşı, rayon məktəblilərinin hazırladıqları Novruz guşələrinə, eləcə də milli adət-ənənələrimizi, həyat tərzimizi əks etdirən geyimlər, mərasimlər və başqa atributlara baxış keçirdi, məktəblilərin hazırladıqları səhnələri maraqla izlədilər. Həmçinin tədbir çərçivəsində qonaqlara milli mətbəximizin şahı sayılan fərqli plov növlərindən ibarət Aş festivalı, milli ornometlərlə zəngin, Azərbaycanın müxtəlif regionlarının, eləcə də əzəli yurd yerimiz olan Qarabağın qədim sənətkarlıq ənənələrini əks etdirən xalçaçılıq nümunələri, eyni zamanda milli geyimimiz olan kəlağayılar təqdim edildi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qonaqları və rayon ictimaiyyətini bayram münasibətilə təbrik edərək onlara ən xoş və səmimi diləklərini çatdırdı, günbəgün inkişaf edən ölkəmizə firavan həyat arzuladı.
Daha sonra Türkiyə İş Birliyi və Koordinasiya Şurasının Bakı Nümayəndəliyinin rəhbəri Mustafa Haşim Polad çıxış edərək bayram arzularını çatdırdı.
Bədii hissə ilə davam edən tədbirdə tanınmış türk şairi, Türk dünyasının, eləcə də Azərbaycan həqiqətlərini öz əsərlərində geniş təbliğ edən Camal Safi qələmə aldığı “Meracımız Qarabağ” şeirini səsləndirdi.
Türkiyəli yazar Mehmet Ercanın çıxışından sonra tanınmış incəsənət ustalarımızın, eləcə də Türkiyə və Qazaxıstandan təşrif buyurmuş sənətçilərin ifasında bir-birindən gözəl xalq musiqilərimiz, Novruz mərasimlərini, milli birlik və həmrəyliyimizi tərənnüm edən nəğmələr nümayiş etdirildi.
Bayram mərasimi dünyada məşhur olan Qarabağ atlarının üzərində cəngavərlərin üçrəngli bayrağımızı dalğalandıraraq tədbir məkanına gəlmələri ilə yekunlaşdı.