Biləcəri qəsəbəsində tikinti və quruculuq işləri sürətlə davam edir
Binəqədi rayonunun Biləcəri qəsəbəsində abadlıq və quruculuq işləri davam etdirilir. Son 2 ildə qəsəbə ərazisində 8 kilometr yeni kanalizasiya xətti, 7 kilometr yol, 5 kilometr yeni su xətti çəkilib.
Hal-hazırda Sumqayıt şosesi, döngə-1 ünvanında kanalizasiya xəttinin çəkilişi işləri aparılır. Dövlət Proqramı çərçivəsində reallaşdırılan layihəyə uyğun olaraq, burada diametri 1200 millimetrlik borularla 1000 metr uzunluğunda kanalizasiya xətləri yenidən qurulur.
Natavan küçəsinin mərkəzi hissəsində və avtomobil yolunda əsaslı təmir işləri aparılır. Belə ki, bu küçədə avtomobil yolu 12 metr enində genişləndirilib, piyada səkiləri qurulub. Köhnə bardürlər yeniləri ilə əvəzlənir. Layihəyə uyğun olaraq 4 kilometr uzunluğunda yolun yenidən təmir edilməsi nəzərdə tutulub. Təmir işləri müasir standartlara cavab verən səviyyədə aparılır.
Rəşid İsmayılov küçəsindəki yolqırağı zonalarda yerləşən binalar və obyektlərin fasadları yenilənir. Köhnə divarlar təmir edilir, binalara və yolun hər iki tərəfi ilə çəkilən divarlara ağlay üzlüklər vurulur. Piyada yollar təmir edilir və səkilər yenidən qurulur. Rəşid İsmayılov küçəsindən Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksi istiqamətində yolların yenidən qurulması və yeni asfalt örtüyünün salınması nəzərdə tutulub.