Binəqədi rayonunda işəgötürənlərin maarifləndirilməsi istiqamətində tədbir keçirildi
Aprelin 1-də Binəqədi Rayon İcra Hakimiyyəti və Rayon Məşğulluq Mərkəzinin dəstəyi ilə rayon ərazisində fəaliyyət göstərən orta ümumi və məktəbəqədər təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə tədbir keçirildi. Tədbirin keçirilməsinin məqsədi işəgötürənlərin “Məşğulluq haqqında” Qanunun 17-ci maddəsinə müvafiq olaraq məlumat və hesabatların Mərkəzə təqdim olunması ilə bağlı məlumatlandırma işinin aparılması idi.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini, Məşğulluğa Kömək Göstərən Yerli Əlaqələndirmə Komitəsinin sədri Vüsar İsmayılov açaraq bildirdi ki, rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların məşğulluğun təmin edilməsi sahəsində müvafiq məlumat və hesabatların qanunvericiliyə uyğun olaraq vaxtında Məşğulluq Mərkəzinə təqdim edilməsi və bununla əlaqədar olaraq maarifləndirmə işinin aparılması ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı yanında 29 yanvar 2015-ci il tarixdə keçirilən şura iclasında qərar qəbul edilmişdir. O, işəgötürənlərə “Məşğulluq haqqında” Qanunun tələblərinə uyğun olaraq müvafiq məlumat və hesabatların müəyyən olunmuş müddətlərdə Məşğulluq Mərkəzinə təqdim edilməsinin vacibliyini qeyd etdi.
Tədbirdə Mərkəzin direktoru Məhəmməd Hacıyev işəgötürənlərin Mərkəzə təqdim edəcəyi hesabat formaları barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, hesabat və məlumatı təqdim etməyən işəgötürənlərə qarşı müvafiq inzibati məsuliyyət nəzərdə tutulub.