Binəqədi rayonunda I Avropa Oyunlarına hazırlıqla əlaqədar Qərargah yaradıldı
I Avropa Oyunlarına hazırlıqla əlaqədar aprelin 2-də Binəqədi rayonunda iclas keçirilib. İclasda rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavin Aygün Əliyeva, Aparatın şöbə müdirləri, idarə, müəssisə, hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri və bələdiyyə sədrləri iştirak etdilər.
İclasa sədrlik edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov bu yarışlarda 49 ölkədən 6 min idmançının, 10 mindən çox qonağın ölkəmizə gəlməsinin gözlənildiyini bildirərək yerli hakimiyyət orqanlarının qarşısında oyunların iştirakçılarına və turistlərə ölkəmizdə gedən dinamik inkişafı, Bakı şəhərinin günü-gündən abadlaşdırılması prosesini və aparılan islahatları layiqli şəkildə təqdim etmək kimi mühüm vəzifənin durduğunu qeyd etdi və sadalanan bütun bu işlərin hamısının şəhərimizin təmizliyindən başladığı vurğuladı.
2014-cü ilin iyul ayının 1-dən etibarən “Təmiz Binəqədi” sosial layihəsinə start verilib. Həmin layihə başladığı gündən etibarən bir çox sosial tədbirlər həyata keçirilib, maarifləndirici işlər aparılıb, treninqlər təşkil edilib, vətəndaşlar arasında təbliğat işləri görülüb, təmizliyin qorunması, saxlanması ilə bağlı vətəndaşlara bukletlər paylanılıb və bir çox məsələlər operativ həll olunub.
Avropa Oyunlarının başlanmasına qısa müddət qaldığı üçün hazırlığın son mərhələsində fəaliyyətin intensivləşdirilməsinə ehtiyac yaranıb. Buna görə də I Avropa Oyunlarına hazırlıqla əlaqadar Bakı şəhər İcra Hakimiyyəti başçısının 89 nömrəli, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 244 və 263 nömrəli sərəncamları ilə hazırlanan və həyata keçirilən Tədbirlər Planının icrası ilə əlaqadar rayonda qərargah yaradılıb.
Fəaliyyət göstərəcək qərargahda qaynar telefon xətti fəaliyyət göstərəcək, məsul şəxslər müəyyənləşdiriləcək, işlərin koordinasiyası təmin ediləcəkdir.
I Avropa Oyunlarının təbliğ olunması ilə əlaqədar yerlərdə sakinlərlə səyyar görüşlərin keçirilməsi, rayon ərazisində fləşmobların təşkili, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə ictimai tədbirlərin təşkili də nəzərdə tutulub.