Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahinlər” hərbi idman oyunları üzrə rayon birinciliyi keçirildi

09 aprel 2015 | 10:00

Aprelin 9-da yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirildi. Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində keçirilən yarışda 32 orta ümumtəhsil məktəbindən 450-yə yaxın şagird iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Daxili Qoşunların Biləcəri qəsəbəsində  yerləşən “N” saylı hərbi hissəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olan vətən övladlarının xatirəsinə ucaldılan abidəni ziyarət etdilər.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbüssü və təşkilatçılığı ilə keçirilən ”Şahin” hərbi-idman oyunu dövlət himnin səsləndirilməsi ilə başladı.
Tədbirdə çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov qeyd etdi ki, bu cür yarışların keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyyəsinə diqqqət və qayğının daha da artırılması, həmçinin məktəb şagirdlərini ordu sıralarında xidmətə hazırlanmasında köməkliyin göstərilməsidir.
Tədbirdə çıxış edən  Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon İdarəsinin rəisi Mehman Qurbanov, Rayon Veteranlar Şurasının sədri Telman Hətəmov və Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev bu cür yarışların yeniyetmə və gənclər arasında vətənpərvərlik əhval-ruhiyyəsinin gücləndirilməsi, onların dövlətçiliyə sədaqət, vətənə bağlılıq ruhunda formalaşması baxımından əhəmiyyətindən danışdılar.
Binəqədi Rayon İcra Hakimiyyəti başcısının müavini Aygün Əliyeva “Şahin” hərbi-idman oyununun məktəb yaşlı yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətli dərəcədə rol oynadığını dedi. A.Əliyeva bildirdi ki, torpaqlarının 20 faizi düşmən tapdağında olan, on minlərlə şəhid vermiş ölkə olaraq Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin gücləndirilməsi ən aktual mövzulardan biridir. Böyük qətiyyəti və əzmkarlığı ilə Azərbaycanı bir dövlət kimi beynəlxalq arenada tanıdan, həm də vətəninə qəlbən bağlı böyük vətənpərvər olan ulu öndər Heydər Əliyevin hər bir azərbaycanlı üçün örnək olduğu vurğulandı. Qeyd olundu ki, ölkəmizdə sabitlik və inkişafın qarantı olan Prezident İlham Əliyevin ətrafında sıx birləşmək hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm də bir mənəvi vəzifədir.
Daha sonra Binəqədi rayonu üzrə 32 məktəbin 448 şagirdi arasında keçirilən hərbi-idman yarışlarına start verildi. Əvvəlcə hər biri 14 nəfərdən ibarət komandalar təntənəli marşla və musiqi ilə tribuna önündən keçdilər. Yarışa qatılan 8-10-cu sinif şagirdləri yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınadılar.
Yarışın nəticəsinə görə rayonun 157 saylı tam orta üçüncü, 182 saylı tam orta məktəb ikinci yeri tutdular. Yarışda qələbə qazanaraq  birinci yeri tutmuş 100 nömrəli tam orta məktəbin komandası Bakı şəhəri üzrə keçiriləcək “Şahinlər” hərbi-idman oyunlarının final mərhələsinə vəsiqə qazandı.

Keçidlər