Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində Binəqədi rayonunda növbəti ağacəkmə aksiyası keçirildi

11 aprel 2015 | 10:00

Aprelin 11-də Binəqədi rayonunda İDEA İctimai Birliyinin təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyası keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, “Bakı 2015 I Avropa Oyunları” Əməliyyat komitəsinin direktoru Elçin Səfərov, İDEA ictimai birliyinin layihələr departamentinin əməkdaşı Nigar Qarayeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, rayonun icra strukturlarının rəhbərləri, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Rayonun Biləcəri qəsəbəsində yerləşən Stend atıcılığı mərkəzinin yaxınlığında gerçəkləşən tədbir açıq elan edildikdən sonra “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi barədə tədbir iştirakçılarına məlumat verildi. Bildirildi ki, Heydər Əliyev Fondunun vitse prezidenti, İDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilib. Daha sonra dövlət başçısı cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işinin Binəqədi rayonunda da uğurla həyata keçirildiyi bildirildi.
Tədbirdə çıxış edən “Bakı 2015 I Avropa Oyunları” Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov və İDEA İctimai Birliyinin nümayəndəsi Nigar Qarayeva tədbirin  əhəmiyyətindən  danışaraq Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihənin yaşıllıq zolaqlarının genişlənməsi, ərazinin ekoloji tarazlığının bərpası, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə olduğunu vurğuladılar.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ulu öndər Heydər Əliyevin təbiəti qorumaq, onun qayğısına qalmaq missiyası ilə öz şəxsi nümunəsində hər bir həmvətənimiz üçün örnək olduğunu diqqətə çatdıraraq, bu missiyanın möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla icra edildiyini diqqətə çatdırdı. Rayon İcra Hakimiyyətinin başçısı vurğuladı ki, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşən yaşıllaşdırma aksiyaları vizual görünüşlə yanaşı, ekoloji mühitin qorunması, insanlar arasında təbiətə qayğı hissinin güclənməsi üçün ciddi əhəmiyyətə malikdir. Ağacəkmə aksiyasının məhz bu məkanda keçirilməsinin təsadüfi olmadığını, Bakı 2015 I Avropa Oyunları çərçivəsində stend atıcılığı və dağ velosipedi yarışlarının bu əraziyə yaxın məkanlarda keçiriləcəyindən və bu mötəbər idman oyunları ərəfəsində belə aksiyaların əhəmiyyətindən danışan X.İsgəndərov Prezident İlham Əliyevin təşəbbüsü və yaratdığı imkanlar sayəsində baş tutacaq Bakı 2015 I Avropa Oyunlarının ölkə həqiqətlərinin təbliği baxımından bəlkə də bir diplomat ordusunun görəcəyi işə bərabər olduğunu xüsusi vurğuladı.
Tədbir Binəqədi Rayon İcra Hakimiyyətinin “Bakı-2015” ilk Avropa Oyunları ərəfəsində elan etdiyi “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində keçirilən “Təmiz Binəqədi – təmiz ideya” yazı müsabiqəsinə təqdim olunan məqalə müəlliflərinin mükafatlandırılması mərasimi ilə davam etdi. Mərasim zamanı təltif olunan KİV nümayəndələrinə həm də simvolik olaraq “Bakı-2015” ilk Avropa Oyunlarına biletlər təqdim edildi. Həmçinin, tədbir zamanı “Bakı 2015 I Avropa Oyunları” Əməliyyat komitəsinin direktoru Elçin Səfərova Binəqədi Rayon İcra Hakimiyyətinin hədiyyəsi təqdim olundu.
Sonra ağacəkmə aksiyasına start verildi. Aksiya zamanı ümumilikdə 2000 ədəd şam ağacı əkildi və onlara qulluq göstərildi.

 

Keçidlər