Binəqədi qəsəbəsində “Açıq qapı” vətəndaş forumu keçirildi
Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi əsas prinsiplərdir. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Milli Fəaliyyət Planına əsasən Binəqədi rayonunda bu istiqamətdə tədbirlər həyata keçirilməkdədir. Belə ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yerlərdə və qəsəbələrdə sakinlərlə mütəmadi səyyar görüşlər keçirir. Belə görüşlər əhalinin problemlərinin həllində mühüm rol oynamaqla yanaşı, qəbul edilən qərarlarda, görülən işlər və atılan addımlarda ictimaiyyətin iştirakına əlverişli şərait yaradır.
Binəqədi rayonunda artıq mütəmadi xarakter almış belə görüş və tədbirlər sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması baxımından səmərəli vasitələrdən biridir. Görüşlər zamanı sakinləri narahat edən problemlər onların özləri tərəfindən səsləndirilir, digər tərəfdən sakinlər yaşadıqları ərazidə öz problemlərini aidiyyəti qurumlara çatdırmaq imkanı qazanırlar.
10 aprel 2015-ci il tarixində Binəqədi qəsəbə bələdiyyəsinin inzibati binasında növbəti “Açıq qapı” vətəndaş forumu keçirildi. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, habelə Binəqədi qəsəbə sakinləri iştirak etdilər.
Görüşdə qəsəbə sakinlərini narahat edən problemlər dinlənildi və həmin problemlərin bir qisminin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən yerindəcə tapşırıqlar verildi, bir qisminin həlli isə nəzarətə götürüldü. Ölkənin sürətli inkişafı və Binəqədi rayonunda gedən intensiv abadlıq-quruculuq işlərindən danışan sakinlər bu tədbirlərin rayonun sosial-iqtisadi tərəqqisinə təkan verdiyini və əhalinin rifah halının yüksəlməsinə müsbət təsir göstərdiyini bildirdilər. Sakinlər bu inkişaf tempinin onlarda məmnunluq yaratdığını və mövcud olan bir sıra cari problemlərin aradan qaldırılacağına əminliklərini ifadə etdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən “Açıq qapı” vətəndaş forumlarının keçirilməsi rayonun müxtəlif ərazilərində davam etdiriləcəkdir.