Əliağa Şıxlinskinin 150 illik yubileyinə həsr olunan “Hərb tariximizdən” adlı tədbir keçirildi
Aprelin 10-da Binəqədi rayonu, Ə.Şıxlinski adına 135 nömrəli tam orta məktəbdə görkəmli hərbi xadim, əfsanəvi general Əliağa Şıxlinskinin 150 illik yubileyinə həsr olunan “Hərb tariximizdən” mövzusunda dəyirmi masa keçirildi.
Əvvəlcə tədbir iştirakçıları Ə.Şıxlinskinin hərb sahəsindəki fəaliyyətini əks etdirən sərgi ilə tanış oldular.
Tədbirdə Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı, Rayon İcra Hakmiyyəti başçısının müavini Aygün Əliyeva, ehtiyatda olan general-polkovnik Tofiq Ağahüseynov, Respublika Veteranlar Şurasının sədri Dadaş Rzayev, yazıçı-publisist Şəmistan Nəzirli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Mehman Qurbanov, məktəb kollektivi və başqaları iştirak etdilər.
Tədbirdə məktəbin direktoru Sadəgül Həsənova çıxış edərək tədbirin Prezident İlham Əliyevin “General Əliağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 20 noyabr tarixli Sərəncamına əsasən keçirildiyini söylədi. Bildirdiki, belə tədbirlər gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsində böyük əhəmiyyət daşıyır.
Tədbirdə Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı çıxış edərək ölkəmizdə şəhidlərin xatirəsini əbədiləşdirilməsi istiqamətində görülən işlərdən və bu sahəyə dövlət qayğısından, gənclərin milli ruhda tərbiyə olunmasında reallaşdırılan tədbirlərdən danışdı.
Mərasimdə polkovnik-leytenant, yazıçı-publisist Şəmistan Nəzirli Ə.Şıxlinskinin həyatı və hərb sahəsindəki misilsiz xidmətləri barədə geniş məlumat verdi.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdir müavini Hüseyn Əsgərov, ehtiyatda olan general-mayor Dadaş Rzayev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış etdiər.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək Ə.Şıxlinskinin şərəfli ömür yolundan və hərb sahəsindəki misilsiz xidmətlərindən söz açdı, görkəmli generalın həyat və fəaliyyətinin müasir dövrümüzdə gənclərə böyük örnək olduğunu söylədi. A.Əliyeva ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə görkəmli hərbi xadimlərin, sərkərdələrin xatirəsinin əbədiləşdirilməsi istiqamətində tarixi xidmətlərini xüsusi vurğuladı, bu ənənələrin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırdı.
Sonda tədbir məktəblilərin ifasında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya ilə başa çatdı.