Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Dini radikalizmə qarşı mübarizədə qadınların rolu” mövzusunda tədbir keçirildi

13 aprel 2015 | 10:00

Aprelin 13-də Binəqədi rayonunda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizədə qadınların rolu” mövzusunda tədbir keçirildi.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dosenti, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Səbinə Mirzəyeva və digər qonaqlar iştirak etdilər.
Tədbirdən öncə qonaqlar YAP Binəqədi rayon təşkilatının inzibati binasının önündə ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoydular.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon Təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva tədbirin mahiyyəti, hazırda dini radikalizmin bir çox dövlətlərdə vüsət alması və ölkəmizdə bunun qarşısının alınması istiqamətində qadınların rolundan danışdı. O dinlərarası münasibətlərin, dini radikalizmin müxtəlif polemikalara yol açdığını və bu vacib məsələlərin müzakirə edilməsinin əhəmiyyətini qeyd etdi.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbirin mövzusunun aktuallığını, eləcə də belə bir tədbirin ilk olaraq Binəqədi rayonunda keçirilməsinin əlamətdar hal olduğunu qeyd etdi. Dini radikalizmin mənfi təzahürləri haqqında geniş məlumat veən natiq islamı istəməyən qüvvələrin dini radikalizm, müxtəlif dini xurafatlar vasitəsilə sonuncu səmavi dini gözdən salmaq niyyətlərində olmalarını qeyd etdi. O ümummilli lider Heydər Əliyevin Azərbaycanda islami dəyərlərin qoruması istiqamətində mühüm işlər görməsindən, bu işlərin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilməsindən danışıb. Natiq dini radikalizmə qarşı mübarizədə qadınların rolunun vacib olduğunu, hər bir ailədə dini maarifləndirmənin düzgün aparılmasının vacibliyini vurğuladı.
Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov da mövzunun hazırki şəraitdə mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi. Bildirildi ki, hazırda müxtəlif müsəlman ölkələrində daxili qarşıdurmaların hakim olduğu bir şəraitdə Azərbaycan sabitlik adasıdır, ölkəmiz tolerantlıq və multikulturalizm sahəsində mühüm uğurlar əldə edərək bir çox ölkələrə nümunədir və mövcud sabitliyin qorunması hər birimiz üçün ən ümdə vəzifədir. Çıxışında ölkəmizin davamlı inkişafını istəməyən qüvvələrin olduğunu, müxtəlif yollarla təbliğatın aparıldığını qeyd edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı ölkədə dini maarifləndirmənin düzgün şəkildə aparılmasından danışdı, qadınların ailədə və digər sosial təsisatlarda maarifləndirmə işində fəal olmalarının vacibliyini vurğuladı.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dosenti, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Səbinə Mirzəyeva İslam dinində qadın hüquqları haqqında məlumat verdi. Natiq İslam dininin qadına geniş hüquqlar və böyük dəyər verdiyini bildirdi. Səbinə Mirzəyeva dini radikalların savadlı qadınları qəbul etmədiklərini və xanımların dini savadlarının və dünyagörüşlərinin  yüksək olmasının dini radikalizmlə mübarizədə mühüm əhəmiyyətini qeyd etdi.
Sonra tədbir mövzu ətrafında gənclərin qonaqlara ünvanladığı sualların cavablandırılması ilə yekunlaşdı.

Keçidlər