Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzv təşkilatları Binəqədi Rayon İcra Hakimiyyətinin fəaliyyəti ilə tanış oldular
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən təşkil olunan məlumat turu çərçivəsində aprelin 14-də ARGTMŞ-ın üzvü olan gənclər təşkilatları Binəqədi rayonunda novatorluğu, gənclərlə bağlı işlərdə aktiv fəaliyyəti ilə seçilən Binəqədi Rayon İcra Hakimiyyətinin fəaliyyəti ilə tanış oldular. Məlumat turunda ARGTMŞ-nin sədri Şahin Seyidzadə, ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəalları iştirak etdilər.
Məlumat turu ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələrinin qoyulması və dahi şəxsiyyətin ruhuna göstərilən ehtiramla başladı.
Məlumat turu zamanı iştirakçılar YAP Binəqədi rayon təşkilatının inzibati binası, rayonun Heydər Əliyev adına istirahət parkı, “Çoxmənzilli yaşayış binalarında yeni idarəetmə formaları” haqqında rayon sakinlərini maarifləndirmək məqsədilə yaradılmış səyyar ofis, İcra Hakimiyyəti tərəfindən əhalinin müraciətlərinin operativ həlli üçün yaradılmış “Sakinlərin Müraciət Xidməti” və digər yeniliklərlə tanış oldular. Binəqədi Rayon İcra Hakimiyyətinin bir sıra təşkilatlarla, o cümlədən QHT və gənclərlə birgə işgüzar layihələri və tədbirləri haqqında iştirakçılara məlumatlar verildi.
Məlumat turu çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəallları ilə görüşdü, görüşdə gəncləri maraqlandıran məqamlar ətrafında söhbət aparıldı və onların sualları cavablandırıldı. İcra Hakimiyyətinin başçısı bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti günümüzdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz, dövlətimizin başçısının yaratdığı geniş imkanlar sayəsində ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilən Azərbaycan gəncliyinin cəmiyyətin hərəkətverici qüvvəsinə çevrildiyi gənclərin diqqətinə çatdırıldı. Gənc nəslin fiziki və mənəvi sağlamlığını daim diqqətdə saxlayan Prezident İlham Əliyevin idmanın inkişafına verdiyi hərtərəfli dəstəyə toxunan X.İsgəndərov “Bakı 2015” Birinci Avropa oyunlarının doğma vətənimizdə keçirilməsinin dövlət başçısının bu sahədə yürütdüyü praqmatik, ardıcıl və məqsədyönlü siyasətinin parlaq təzahürü kimi Azərbaycan tarixinə yazılan şərəfli səhifə olduğunu vurğuladı.
Görüşdə çıxış edən ARGTMŞ-ın sədri Şahin Seyidzadə gənclər təşkilatları və dövlət qurumları arasında əməkdaşlığın vacibliyini qeyd etdi, bu istiqamətdə Binəqədi Rayon İcra Hakimiyyətinin nümunəvi dövlət qurumlarından biri olduğunu vurğuladı. O, bildirdi ki, Azərbaycanın ictimai siyasi həyatında yaxından iştirak edən 112 gənclər təşkilatını, minlərlə gənci birləşdirən Gənclər Təşkilatları Milli Şurası daima Azərbaycan dövlətinin prioritetlərini dəstəkləyib və bu istiqamətdə əməkdaşlığa hər zaman hazırdır. Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinə Binəqədi rayonunun gəncləri və gənclər təşkilatlarının inkişafında verdiyi tövhələrə görə fəxri fərman təqdim olundu.
Görüşdə gəncləri maraqlandıran suallar cavablandırıldı. Görüşdən sonra qonaqlar çay süfrəsi ətrafında səmimi söhbətlər və fikir mübadiləsi apardılar.