Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Gənclər arasında Azərbaycançılıq məfkurəsinin təbliği” adlı tədbir keçirildi

15 aprel 2015 | 10:00

Aprelin 15-də “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər arasında Azərbaycançılıq məfkurəsinin təbliği” layihəsi çərçivəsində eyni adlı tədbir keçirildi.
Binəqədi rayonunda yüz nəfərə yaxın gəncin iştirakı ilə keçirilən tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov bildirdi ki, layihənin məqsədi gənclər arasında Azərbaycançılıq məfkurəsini daha çox təbliğ etmək, ölkəmizdə vətənpərvər ruhlu gənclərin yetişməsinə təkan verməkdir.
Ç.Bayramov həmçinin, gənclər arasında vətənpərvərlik təbliğatının aparılmasının vacibliyindən danışaraq, gəncləri ayıq-sayıq olmağa və yad ideologiyaların təsirinə düşməməyə çağırdı.
Layihənin eksperti, TUMİB-in İdarə Heyətinin üzvü Seymur Verdizadə beynəlxalq ictimaiyyətin Azərbaycan torpaqlarının işğalına göz yumduğuna diqqət çəkərək, 1 milyon insanın doğma yurd-yuvasından didərgin düşməsini qeyri-insani hərəkət adlandırdı və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində gənclərin də fəal rol oynaya biləcəyini vurğuladı.
Anadolu Universitetinin Azərbaycan proqramlarının koordinatoru Azər Hətəmov, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi Şərafəddin Şərifov və digər çıxışçılar mövzu ilə bağlı öz fikirlərini bölüşdülər. Onlar Ulu öndər Heydər Əliyevin müdrik “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlamının Azərbaycançılıq məfkurəsinin əsasını təşkil etdiyini diqqətə çatdırdılar. Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi dövründə  Azərbaycançılıq məfkurəsinin daha da sistemləşdirildiyini bildirdilər.
Sonda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparıldı və tədbir iştirakçıları TUMİB-in diplomları ilə təltif edildilər.

Keçidlər