Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilərə ilk Avropa Oyunları barədə geniş məlumat verildi

16 aprel 2015 | 10:00

Aprelin 16-da Binəqədi rayonunda “Bakı 2015” I Avropa Oyunlarının məktəblilər üçün təqdimat mərasimi oldu.
Binəqədi Rayon İcra Hakimiyyəti, “Bakı 2015 I Avropa Oyunları” Əməliyyat Komitəsi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Bakı şəhər Təhsil İdarəsi, “Azəryol” voleybol klubunun dəstəyi ilə  baş tutan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, “Azəryol” Voleybol Klubunun direktoru Zöhrab Gözəlbəyli, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və Binəqədi rayonu ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin şagirdləri iştirak etdilər.
Mərasimdə giriş nitqi ilə çıxış edən Aygün Əliyeva tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyinin Bakıya həvalə edilməsinin respublikamız üçün xüsusi əhəmiyyətə malik olduğunu bildirdi. Natiq “İlk Avropa Oyunlarının  Azərbaycanda keçirilməsinin respublikamızın bütün sahələrdə olduğu kimi idman sahəsində də tərəqqi dövrünü yaşadığının göstəricisi olduğunu,  idmana göstərilən dövlət qayğısı sayəsində idman infrastrukturunun ildən-ilə inkişaf etdiyini, atletlərimizin beynəlxalq arenalarda əldə etdiyi medalların sayının ildən-ilə artdığını qeyd etdi. Aygün Əliyeva Azərbaycanın bu beynəlxalq idman tədbirini yüksək səviyyədə keçirməyə qadir və hazır olduğunu bildirərək Oyunların proqramına daxil olan atıcılıq və dağ velosipedi yarışlarının Binəqədi rayonunda təşkil ediləcəyini nəzərə çatdırdı.
Tədbirin təşkilində göstərdiyi köməyə görə Binəqədi Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirən Elçin Səfərov I Avropa Oyunlarının Azərbaycanın tarixində mühüm məqam olduğunu qeyd etdi.  Mötəbər oyunların ölkəmizdə təşkilinin digər sahələrin inkişafına böyük təkan verəcəyini, eləcə də qazanılacaq təcrübənin gələcəkdə  digər mühüm yarışlara da ev sahibliyi etməyimizə şərait yaradacağını qeyd edən natiq Əməliyyat Komitəsinin oyunlarla bağlı yaşadığı həyəcan hissini, əldə edilmiş irəliləyişlərlə bağlı məlumatları gənclərlə paylaşdı.
Zöhrab Gözəlbəyli çıxışında ilk Avropa Oyunlarının əhəmiyyətindən danışaraq  voleybolçularımızın Avropa Oyunlarına hazırlığının “Azəryol” Voleybol Klubunda keçəcəklərini qeyd etdi.
BEGOC-un əməkdaşı Lalə Eyvazova ilk Avropa Oyunları barədə məktəbliləri ətraflı məlumatlandırdı. Slayd vasitəsilə oyunların təşkil olunacağı idman qurğuları, idman növləri, iştirakçı ölkələr və s. barədə məlumat verildi. L.Eyvazova bu yarışların nəticəsindən asılı olaraq Azərbaycanın Olimpiya oyunlarını da keçirmək şansının artacağını vurğulayaraq 2016-cı ildə şahmat olimpiadasının, 2017-ci ildə İslam Həmrəylik Oyunlarının, 2020-ci ildə futbol üzrə Avropa çempionatının mərhələ yarışlarının da paytaxtımızda keçiriləcəyini nəzərə çatdırdı.
İlk Avropa Oyunlarının simvollarının – Ceyran və Narın yarış meydançasına daxil olması tədbiri daha da rəngarəng etdi.
Sonra şagirdlər arasında “İlk Avropa Oyunlarında hansı idman növlərini favorit hesab edirsiniz?” mövzusunda sorğu keçirildi. Sorğunun nəticəsində Binəqədi şagirdlərinin Avropa Oyunlarında  güləş, voleybol və cüdonu favorit hesab etdikləri bəlli oldu.
Mərasim voleybol üzrə son ölkə çempionatının ikincisi olmuş “Binəqədi” komandası ilə “BEGOC” yığmasının dostluq görüşü ilə davam etdi. Qarşılaşmanın nəticəsinə əsasən, “Binəqədi” komandası (15:7; 15:11) kubokun sahibi oldu.
Tədbirin sonunda hər iki komandanın üzvləri təşkilatçılar tərəfindən mükafatlandırıldı və Bakı 2015 Avropa Oyunlarının Əməliyyyat Komitəsi tərəfindən məktəblilərə simvolik hədiyyələr təqdim edildi.

Keçidlər