Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu üçün 2015-ci ilin I rübü də uğurlu nəticələrlə yadda qaldı

16 aprel 2015 | 10:00

Aprelin 16-da Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2015-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Hesabat yığıncağından öncə ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüldü və dahi şəxsiyyətin ruhuna dərin ehtiram bildirildi.
İclası giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov son illər dünyada siyasi və iqtisadi planda baş verən neqativ proseslərin müqabilində Azərbaycanda hökm sürən iqtisadi və siyasi sabitliyin qonşu ölkələr üçün nümunə olduğunu vurğuladı və Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu sabitlik və inkişaf kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin dinamik inkişafda olduğunu toplantı iştirakçılarının diqqətinə çatdırdı.
Bakı 2015 I Avropa Oyunlarının əhəmiyyətindən danışan Rayon İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin təşəbbüsü və yaratdığı imkanlar sayəsində baş tutacaq bu tədbirin ölkə həqiqətlərinin təbliği baxımından da olduqca vacib olduğunu bildirdi.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı hesabat məruzəsi ilə çıxış edərək ölkə başçısının yürütdüyü məqsədyönlü siyasi kurs nəticəsində 2015-ci ilin ilk rübünün də inkişaf və tərəqqi ilə başa vurulduğunu bildirdi.
Çıxışda 2015-ci ilin yanvar-mart aylarında Binəqədi rayonunda sənaye sahəsində keçən ilin müvafiq dövrünə nisbətən 1,7 faiz artımın müşahidə olunduğu, fəhlə və qulluqçuların orta aylıq əmək haqqının 408,1 manat təşkil etdiyi, orta aylıq nominal əmək haqqının keçən ilin müvafiq dövrünə nisbətən 1,2 faiz  artaraq 367,5 manata çatdığı qeyd olundu. 
Çıxışda vurğulandı ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təsərrüfat obyektlərində süni qiymət artımının qarşısının alınması ilə bağlı tövsiyələrinə, eləcə də Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “İstehlak mallarının süni qiymət artımına qarşı nəzarət üzrə Komissiya”nın yaradılması haqqında” sərəncamına əsasən yaradılmış işçi qruplar tərəfindən rayon ərazisində fəaliyyət göstərən 350-yə yaxın təsərrüfat obyektində mütəmadi monitorinqlər həyata keçirilmişdir. Ərazidə əhali tərəfindən istehlak edilən malların süni şəkildə qıtlığının yaradılması hallarının qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər davam etdirilməkdədir.
2015-ci ilin 1 aprel tarixinə olan məlumata əsasən, Binəqədi rayonunda 1158 yeni və daimi iş yeri açıldığı, əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə birinci rüb ərzində 875 ailəyə və ya 3445 nəfər ailə üzvünə ünvanlı dövlət sosial yardımının təyin edildiyi, rayon üzrə orta pensiya məbləğinin artaraq 205,0 manat olduğu da çıxışda yer aldı.
Çıxışda vurğulandı ki, hesabat dövründə “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində rayonda ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların firavan yaşayışı üçün zəruri infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmətlərin göstərilməsinə nail olunmuş, genişmiqyaslı işlər görülmüşdür. Həmçinin, Proqrama əsasən Bakı Atıcılıq Mərkəzinin sökülərək yenidən qurulması və Dağ Velosipedi yarışları üçün Veloparkın inşası işləri 2015-ci ilin mart ayında yekunlaşmış, yeni “Gənclər evi”nin istifadəyə verilməsi ilə əlaqədar tamamlanma işləri başa çatdırılmışdır.
2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 03 dekabr 2014-cü il tarixli, 244 nömrəli sərəncamı ilə təsdiq edilmiş Təbirlər Planının icrasını təmin etmək məqsədilə rayon üzrə Mərkəzi Qərargah yaradılmış, strukturu müəyyən edilmişdir. Qərargahın tərkibində rayonun yaşayış məntəqələri üzrə 7 əsas alt qərargah, alt qərargahların tərkibində isə 69 işçi qrupları yaradılmışdır. Rayon qərargahının İş Planı hazırlanmış və plan üzrə tapşırıqlar müəyyən edilmişdir. Eyni zamanda, hər bir alt qərargahın ərazi üzrə sahələr sxemi və iş qrafiki təsdiq edilmişdir. Qərargah ilə Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) arasında birgə Tədbirlər Planı təsdiq edilərək, bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Eyni zamanda, vurğulanmışdır ki, I Avropa oyunlarının keçiriləcəyi idman komplekslərinin bir neçəsinin rayon ərazisində yerləşməsi, həmçinin komplekslərə gedən marşrutun bir hissəsinin Binəqədi rayonu ərazisindən keçməsi səbəbindən, son illər Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri daha da intensivləşmişdir.
Hesabat dövrü ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının mütəmadi olaraq vətəndaşlarla birbaşa, o cümlədən yerlərdə səyyar qəbulları təşkil edilmişdir. Səyyar görüşlərdə icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərlərinin iştirakı təmin edilmişdir. Keçirilən görüşlərdə ümumilikdə 757 nəfər vətəndaş iştirak etmiş, 460 məsələ qaldırılmışdır. Rüb ərzində vətəndaşlardan ümumilikdə 958 müraciət daxil olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar tapşırıqlarından irəli gələn vəzifələrin icrası məqsədilə rayonun 8 tibb müəssisəsi tərəfindən 100 min 844 nəfər əhalinin tibbi müayinəsi həyata keçirilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyətində vətəndaşlara göstərilən xidmətlərin səviyyəsini yüksəltmək üçün yaradılmış “Sakinlərin Müraciət Xidməti – 1646” tərəfindən cavablandırılmış zənglərin sayı 8570 olmuşdur. Şikayət xarakterli 1768 müraciətin 82 faizi tam həll olunmuş, 4 faizi qismən, 14 faizi barədə isə müvafiq izahat verilmişdir.
Hesabat iclasında rayonda əldə olunan müsbət nəticələrlə yanaşı, həllini gözləyən problemlərə də toxunulmuş, bildirilmişdir ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda əhalini narahat edən bu və digər problemlərin həlli nəzərdə tutulmuşdur.
Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etmək məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 19 iyun 2014-cü il tarixli, 133 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində sistemli olaraq görülmüş çoxsaylı tədbirlərdən danışmış, layihədə nəzərdə tutulan işlərin bu gün də uğurla davam etdirildiyini bildirmişdir.
Məruzə ətrafında çıxış edən M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov ötən müddətdə rayonda bələdiyyələrin gördüyü işlər barədə məlumat vermişdir.
Sonra Şura iclasının qərar layihəsi oxunmuşdur.
İclasa yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qarşıda duran vəzifələrdən danışaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verdi.

Keçidlər