Binəqədi rayonunda “Azərbaycan Könüllülük Xidməti” çərçivəsində beynəlxalq təlimçinin seminarı keçirildi
“Azərbaycan Könüllülük Xidməti” (AKX) Proqramı çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə “Avropa Könüllülük Xidmətinə qoşul, Avropada könüllü ol!” seminarı təşkil olundu. Seminarın mövzuları “SALTO EECA” Resurs Mərkəzinin beynəlxalq təmsilçisi Natalya Nikitina tərəfindən tədris olundu. Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən seminarda 200-dən çox namizəd arasından seçilmiş 50 gənc iştirak etdi.
Seminar Avropa Könüllülük Xidməti və Avropa Birliyinin "Erasmus+" Proqramı çərçivəsində Avropa ölkələri arasında uzunmüddətli könüllülük mübadiləsini həyata keçirmək, həmçinin iştirakçıların Avropa Könüllülük Xidməti (European Voluntary Service – EVS ) ilə Avropa ölkələrində könüllü olmaq imkanı əldə etməsi məqsədi ilə həyata keçirilib.
Tədbirin rəsmi hissəsində çıxış edən ARGTMŞ-ın sədri Şahin Seyidzadə təşkilatın beynəlxalq əlaqələrindən bəhs edərək, təşkilatın Avropa Gənclər Forumu, Avropa Şurası və BMT-in gənclər proqramlarında fəaliyyəti, Afrika və Şərqi Asiya ölkələri ilə əməkdaşlıq əlaqələrindən danışdı O, qeyd etki ki, ötən il ərzində ARGTMŞ-ın üzvü olan 32 gənclər təşkilatının nümayəndələri “Erasmus+” çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə iştirak etmiş və Azərbaycanlı gənc “Avropa Könüllülük Xidməti” çərçivəsində 2 aylıq Bolqarıstana göndərilmişdir.
Tədbirin rəsmi hissəsindən sonra təlimçi Natalia Nikitina seminara başladı. Seminar zamanı iştirakçılara beynəlxalq könüllülük, Avropada könüllü olmağın yolları, “Avropa Könüllülük Xidməti”nin üstünlükləri, “Avropa Könüllülük Xidməti”ndə maddi təminat, “Azərbaycan Könüllülük Xidməti” haqqında ətraflı məlumat verildi. Həmçinin iştirakçıların bu istiqamətdə sualları cavablandırıldı.
Avropa Könüllülük Xidməti (European Voluntary Service – EVS ) gənclərin öz ölkələrindən fərqli ölkədə könüllülük fəaliyyətini təşkil edən beynəlxalq nüfuzlu proqramdır. Proqram çərçivəsində könüllülərin nəqliyyat, viza, qida və yaşayış xərcləri Avropa Komissiyası tərəfindən qarşılanır. Avropa Könüllülük Xdmətinin Azərbaycan Modeli olan Azərbaycan Könüllülük Xidməti də Azərbaycan gənclərinin proqramda iştirakını və Avropada könüllülük fəaliyyətini təşkil edir. Bu istiqamətdə proqramın Fransa, Bolqarıstan, Türkiyə, Portuqaliya, Rumıniyadan olan təşkilatlarla əməkdaşlığı mövcuddur.
Azərbaycan Könüllülük Xidməti Proqramı həmçinin 2013-cü ildən Azərbaycanda ilk dəfə olaraq ölkədə regionlararası könüllü mübadiləsini həyata keçirir. Proqramın 2014-cü il layihəsi Azərbaycanın 13 regionundan 15 Gənclər Evlərini əhatə etmişdir. Layihədə 15 könüllünün qrup rəhbərliyi etdiyi 20 könüllü, ümumilikdə 35 gənc iştirak etmişdir. Könüllülər 1 aylıq ezam olunduqları digər regionun Gənclər Evlərində qrup rəhbəri ilə birgə müxtəlif istiqamətli fəaliyyət göstərmişdir.