Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi üzvlərinə sertifikatların təqdimat mərasimi keçirildi
Aprelin18-də Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi üzvlərinə sertifikatların təqdimat mərasimi keçirildi. Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, “Asan Xidmət Mərkəzi” İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev və “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin bir qrup üzvü, eləcə də Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri iştirak etdilər.
Tədbir qonaqlar və tədbir iştirakçılarının ulu öndər Heydər Əliyevin Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasındakı abidəsinin önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin ruhuna öz dərin ehtiramlarını bildirmələri ilə başladı.
Tədbiri açıq elan edən moderator Aytac Seyidəliyeva iştirakçılara ASAN könüllülərinin fəaliyyəti barədə məlumat verdi, Binəqədi Rayon İcra Hakimiyyətində keçdikləri üç aylıq təcrübədən danışdı.
İlk çıxış edən Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev ASAN xidmət barədə məlumat verərək bu xidmətin yaradılması ilə məmur-vətəndaş münasibətlərinə böyük töhfə verildiyini diqqətə çatdırdı. Prezident İlham Əliyevin diqqət və təşəbbüsü ilə yaradılan bu xidmətin artıq dünyada Azərbaycanın brendi kimi tanındığına toxunan Ü.Mehdiyev ölkədə uğurlu gənclər siyasətindən bəhs etdi. Məhz ölkə rəhbərliyinin yaratdığı imkanlar nəticəsində bu sahədə də gənclərə böyük önəm verildiyi vurğulandı.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında Azərbaycanın çox sahələr üzrə böyük uğurlara imza atmasına diqqət çəkərək, bunun təkcə ölkəmizdə deyil, həm də beynəlxalq aləmdə Azərbaycana müsbət imic qazandırdığını qeyd etdi. Rayon İcra Hakimiyyətinin başçısı vurğuladı ki, ölkə Prezidenti cənab İlham Əliyevin diqqəti və nəzarəti ilə fəaliyyət göstərən ASAN Xidmətin sözün həqiqi mənasında vətəndaşların işlərini asanlaşdırması bu qurumun nüfuzunu günbəgün artırmış və gənclərdə də bu sahəyə maraq oyatmışdır, onlar hətta könüllü kimi fəaliyyət göstərməyə başlamışlar. Çıxışda bildirildi ki, ilk öncə dövlətin yaratdığı imkan və şərait sayəsində təhsil alan gənc ictimai faydalı işlə məşğul olaraq təcrübə keçdiyi quruma öz töhfəsini verir, digər tərəfdən təcrübə keçdiyi dövlət qurumunda iş həyatı ilə tanış olur, məsuliyyət, işdə daxili nizam-intizam qaydaları, subordinasiya kimi məsələləri öyrənir və bütün bunlara özləri də riayət edirlər.
Daha sonra ASAN könüllülərindən Bahadur Əlizadə, Aysel Məmmədova, Fərid Abbasbəyli, Zahirə Ağayeva və Könül Hüseynli çıxış edərək Binəqədi Rayon İcra Hakimiyyətində keçdikləri iş təcrübəsindən danışdılar, ötən üç ay ərzində fərqli şöbələrdə təcrübə keçən ASAN könüllülərə göstərilən diqqət və qayğıkeş münasibətdən bəhs etdilər və bütün bunlara görə Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və kollektivə minnətdarlıqlarını bildirdilər.
ASAN könüllülərə sertifikatların təqdim olunması mərasiminin ardınca tədbir iştirakçıları çay süfrəsi ətrafında səmimi söhbət etdilər.