Binəqədi rayonunda həyata keçirilən Müasir İqtisad Məktəbi layihəsinin yekunlarına həsr edilən tədbir keçirildi
Aprelin 18-də Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən Müasir İqtisad Məktəbi layihəsinin başa çatması ilə əlaqədar tədbir keçirildi.
YAP Binəqədi rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Beynəlxalq əlaqələr sektorunun əməkdaşı Rauf Həsənov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun müşaviri, Akademiyada Həmkarlar Təşkilatının sədri Yusif Ağayev, Modern Marketing Group şirkətinin təsisçisi Yusif Vəliyev, Vision televiziyasının baş direktoru Elvin Abbasov, AN Project şirkətinin təsisçisi Nihad Allahyarlı, CİBS şirkətinin təsisçisi Təbriz Hacıyev və digər qonaqlar, həmçinin Binəqədi rayon gəncləri iştirak etdilər.
Tədbirdən öncə qonaqlar Müasir İqtisad Məktəbinin tanıtımına həsr olunmuş video filmi izlədilər.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri, Müasir İqtisad Məktəbi layihəsinin rəhbəri Mahmud Məmmədzadə layihə haqqında məlumat verdi. O layihənin 4 ay davam etdiyini, layihə çərçivəsində “Neoklassiklər”, “Smitin varisləri”, “Dollara Manat” və “Gənc Analitiklər” komandalarının müxtəlif təlimlər keçdiyini qeyd etdi. Natiq layihənin başa çatması münasibətilə keçirilən tədbirdə “Neoklassiklər” və “Smitin varisləri” komandaları arasında final təqdimatının baş tutacağını və sonda münsiflər heyətinin qalib komandanı elan edəcəyini bildirdi.
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxışında tədbir iştirakçılarını salamlayaraq layihənin əhəmiyyətindən danışdı. Natiq ölkəmizdə gənclərin davamlı inkişafına hədəflənən Dövlət Gənclər siyasətinin uğurla həyata keçirilməsini, bu siyasətin Binəqədi rayonunda müvəffəqiyyətlə reallaşdırılmasını qeyd etdi, layihəyənin icra edilməsində göstərdiyi dəstəyə görə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərova təşəkkürünü ifadə etdi. Rayon partiya təşkilatının sədri Prezident İlham Əliyevin Azərbaycanı regionun və dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə çevirməsini, gənclərin mənəvi və fiziki inkişafı üçün müxtəlif Dövlət Proqramlarının qəbulunu vurğulayaraq gənclər sahəsinin ökəmizdə prioritet sahələrdən biri olduğunu bildirdi.
Çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov Binəqədi rayonunda gənclərin davamlı inkişafı üçün görülmüş işlərdən danışaraq, Müasir İqtisad Məktəbi layihəsinin uğurla həyata keçirildiyini qeyd etdi. O gəncləri fəal olmağa, müxtəlif layihələr və ideyalarla çıxış etməyə çağırdı.
Çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Beynəlxalq əlaqələr sektorunun əməkdaşı Rauf Həsənov, Modern Marketing Group Şirkətinin təsisçisi Yusif Vəliyev və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun müşaviri Yusif Ağayev Dövlət Gənclər siyasətinin Binəqədi rayonunda uğurla həyata keçirildiyini vurğuladılar.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin magistrantı Yavər Məmmədova gənclərin maarifləndirilməsi istiqamətində həyata keçirilən işlərdən danışdı. O gənclərin müxtəlif beynəlxalq tədbirlərdə ölkəmizi layiqli şəkildə təmsil etdiyini bildirdi.
Sonra “Müasir İqtisad Məktəbi” layihəsində finala vəsiqə qazanmış “Neoklassiklər” komandası tərəfindən “Azərbaycanda Kənd Təsərrüfatında mövcud vəziyyət və gələcək perspektivlər, “Smitin varisləri” komandası tərəfindən isə “Fond Birjaları Bazarı” mövzularında təqdimat oldu, münsiflər heyəti tərəfindən müvafiq qiymətləndirmə aparıldı. Təqdimatların nəticələrinə əsasən “Neokalssiklər” komandası qalib elan edildi, qalib komandanın üzvlərinə və layihə iştirakçıları olan gənclərə sertifikatlar və hədiyyələr təqdim olundu.
Sonda tədbir iştirakçıları ekspertlər və qonaqlarla xatirə şəkili çəkdirdilər.