Binəqədi rayonunda “Erkən nikah problemi və onun fəsadları” mövzusunda seminar keçirildi
22 aprel 2015-ci il tarixdə 100 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Erkən nikah problemi və onun fəsadları” mövzusunda seminar keçirildi.
Seminarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin əməkdaşı Rafiq Mahmudov, Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Aynur Abbasova, Binəqədi Rayon Qeydiyyat şöbəsinin rəisi Tavat İsmayılova, Binəqədi Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis mayoru Fizzə Məmmədova, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Rəsulzadə bələdiyyəsinin gənc nümayəndələri, rayon orta ümumtəhsil məktəblərinin psixoloqları, Rayon Gənclər və İdman İdarəsinin gənclərlə iş üzrə nümayəndələri və orta məktəb şagirdləri iştirak etdilər.
Tədbir erkən nikahın fəsadlarından bəhs edən sosial çarxın nümayiş etdirilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan Sevinc Süleymanova erkən nikah probleminin bu gün cəmiyyətimizin aktual problemlərindən biri olduğunu nəzərə çatdırdı.
Sonra Rafiq Mahmudov erkən nikah problemi haqqında seminar iştirakçılarına ətraflı məlumat verdi. Qeyd etdi ki, erkən nikahlar uşaqların-həm qızların, həm də oğlanların inkişafına mənfi təsir göstərir. Erkən nikahlar qızların təhsil almaq həvəsini və imkanlarını azaldır, bu eyni zamanda reproduktiv sağlamlığa da təhlükə yaradır.
Aynur Abbasova Binəqədi rayonunda erkən nikah probleminin yaranmasının qarşısının alınması istiqamətində görülən işlər haqqında məlumat verdi.
Digər ekspertlər Tavat İsmayılova və Fizzə Məmmədova çıxış edərək problemin həll olunması üçün valideyn, müəllim, məktəb psixoloqlarının birlikdə əməkdaşlıq etmələrinin əhəmiyyətini vurğuladılar və maarifləndirici materialların məktəblərdə geniş tətbiq ediməsinin vacibliyini nəzərə çatdırdılar.
Seminar iştirakçıların sualları ətrafında diskussiya ilə davam etdirildi.