Şriftin ölçüsü :

Saytın rəngi :

M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri növbəti dəfə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçildi

23 aprel 2015 | 10:00

Aprelin 23-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının növbəti ümumi yığıncağı keçirildi.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Ədliyyə Nazirliyinin, şəhər və kənd bələdiyyələrinin milli assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etdilər.
Yığıncaqda görülmüş işlərlə yanaşı, 2014-cü ilin iyun ayında keçirilmiş bələdiyyə sədrlərinin III ümumrespublika toplantısında vəzifələrin yerinə yetirilməsi vəziyyəti, o cümlədən əhalini narahat edən problemlərin həllinə yönəldilən sosial yönümlü layihələrin həyata keçirilməsi, vətəndaşların yerli özünüidarəetmə proseslərində bilavasitə iştirakı, əhali qarşısında hesabatlılıq və şəffaflığın artırılması, vətəndaş-bələdiyyə münasibətlərinin, bələdiyyələrin iqtisadi və maliyyə potensialının gücləndirilməsi, yeni seçilmiş bələdiyyə üzvlərinin maarifləndirilməsi, bələdiyyə qulluqçularının düzgün seçilib yerləşdirilməsi və tədrisi və s. məsələlər müzakirə olundu.
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov hesabat məruzəsi ilə çıxış edərək hesabat dövründə Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasət nəticəsində Azərbaycanda mühüm inkişaf proseslərinin getdiyini, ölkə əhalisinin maddi rifahının gündən-günə yüksəldiyini, respublikanın beynəlxalq aləmdə nüfuzunun daha da artdığını bildirdi. Natiq qeyd etdi ki, Azərbaycanda sosial-iqtisadi və siyasi islahatların bir-birini tamamlaması uğurların davamlılığını təmin edir, ötən dövrdə yerli özünüidarəetmə institutunun formalaşması üçün də ardıcıl tədbirlər görülmüş, bu sahədə qanunvericilik bazası təkmilləşdirilmiş, bələdiyyələrin səmərəli fəaliyyəti üçün dövlət tərəfindən lazımi şərait yaradılmışdır.
Çıxış zamanı Milli Assosiasiyalar tərəfindən irəli sürülmüş və bələdiyyə sədrlərinin hər üç ümumrespublika toplantısında dəstəklənmiş “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində işlərin görülməsi üçün 2010-2014-cü illərdə ümumi həcmi 16,6 milyon manat olan 2900 layihə həyata keçirildiyi qeyd edildi.
Həmçinin yeni yaradılan bələdiyyələrdə maliyyə resurslarının parçalanmasının qarşısının alındığı, kadr potensialının artırıldığı, iqtisadi imkanların genişləndiyi, eləcə də birləşmə prosesindən sonra qəsəbə bələdiyyələrinin sayının 141-ə qədər azaldığı vurğulandı.
Bununla yanaşı Milli Assosiasiyalar və bələdiyyələr haqqında informasiyalılığın artırılması məqsədilə ötən il assosiasiyaların rəsmi internet saytının yaradıldığı,  hesabat dövrü ərzində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi ilə çox səmərəli əməkdaşlıq qurulduğu, birgə 24 seminar və konfrans təşkil edildiyi və bələdiyyə üzvlərinin ixtisasartırma kurslarına cəlb olunduğu iştirakçıların nəzərinə çatdırıldı.
Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Kamran Bayramov dövlətin bələdiyyələrə dəstəyindən, ötən dövr ərzində yerli özünüidarəetmənin inkişafından, qazanılan nailiyyətlərdən, Milli Assosiasiyalar vasitəsilə həyata keçirilən çoxsaylı layihələrdən danışdı.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədov, Milli Məclisin regional məsələlər komitəsinin üzvü Tahir Rzayev ötən dövr ərzində qanunvericilikdə edilən dəyişikliklərin əhəmiyyətindən, yerli özünüidarə orqanlarının inkişafında müsbət rolundan, ölkədə bələdiyyələrin yaradılmasından, onların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərdən danışdılar. Bildirildi ki, həyata keçirilən islahatlar nəticəsində bələdiyyə idarəçiliyinin səmərəliliyi daha da artırılmışdır.
Tədbirdə həmçinin qəsəbə bələdiyyələrinin sədrləri gördükləri işlər, yerli əhəmiyyətli məsələlərin həllində əhalinin iştirakı, bələdiyyələrin maliyyə imkanlarının artırılması, bələdiyyə-vətəndaş əlaqələrinin möhkəmləndirilməsində bələdiyyə qulluqçularının peşəkarlığı, bələdiyyələrin fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması ilə bağlı çıxışlar etdilər, bələdiyyələrin fəaliyyətində şəffaflığın daha da artırılmasının zəruriliyini vurğulayaraq yerli vergi və ödənişlərin yığılmasında mövcud çətinliklərin aradan qaldırılması yollarına dair təkliflər səsləndirdilər.
Tədbirdə vergitutma obyektlərinin və vergi ödəyicilərinin dürüst uçotunun aparılması işinin təşkilində bələdiyyələrə kömək göstərilməsi məqsədilə “Bələdiyyələrdə vergitutma obyektlərinin və vergi ödəyicilərinin uçotu proqramı”nın təqdimatı keçirildi.
Yığıncaqda nəzarət-təftiş komissiyasının hesabatı dinlənildi, cari ilin büdcəsi təsdiq edildi və təşkilatı məsələlərə baxıldı.
Yekunda Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının illik hesabatı haqqında ümumi yığıncağın qərarı oxunaraq qəbul edildi, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının İdarə Heyətinin yeni tərkibi müəyyənləşdirildi, Assosiasiyanın sədr və müavinləri seçildi. M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov növbəti dəfə Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçildi.

Keçidlər