Gənclərlə təhsildə davamiyyət və ictimai iştirakçılıq məsələləri müzakirə olundu
Aprelin 25-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında gənclərlə növbəti görüş keçirildi.
Görüşdə YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının birinci və ikinci kurs tələbələri və eyni zamanda partiya fəalı olan gənclər iştirak etdilər.
Tədbirdən öncə iştirakçılar ölkəmiz üçün əlamətdar olan və dünya idmanı tarixində ilk dəfə Azərbaycanda keçiriləcək “Bakı-2015” İlk Avropa Oyunları haqqında Heydər Əliyev Fondunun çəkdiyi tanıtım filmini izlədilər.
Sonra çıxış edən YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə görüşün keçirilməsinin məqsədi barədə danışdı. O gənclərin təhsildə davamiyyətinin artırılmasının, müxtəlif ideyalarla çıxış etmələrinin, cəmiyyətin ictimai-siyasi həyatında fəallıqlarını artırmalarının və beləliklə gənclərdə ictimai iştirakçılığın gücləndirilməsinin əhəmiyyətini vurğuladı.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov gənclərin elm, təhsil sahəsində uğurları haqqında danışaraq, bu uğurların cənab Prezident İlham Əliyevin rəhbərliyi altında icra olunan Dövlət Proqramlarının məntiqi nəticəsi olduğunu qeyd etdi. O Binəqədi rayonunda gənclərin mənəvi və fiziki inkişafı istiqamətində görülən işlər barədə məlumat verdi. Natiq gənclərin dərin təhsilə və geniş dünyagörüşünə malik olmalarının ölkəmizin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Rayon partiya təşkilatının sədri qarşıdan gələn “Bakı-2015” İlk Avropa Oyunları haqqında danışaraq bu oyunların Azərbaycanın dünyada təbliği istiqamətində mühüm rol oynayacağını vurğuladı.
Sonra görüş qarşılıqlı müzakirə şəraitində davam etdirildi.