Binəqədi rayonunda Birinci Avropa Oyunlarına hazırlıqla bağlı müşavirə keçirildi
28 aprel tarixində Binəqədi rayonunda “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də digər rayon təşkilatlarının birgə fəaliyyət istiqamətləri” mövzusunda müşavirə keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və rayonun idarə-müəssisə rəhbərləri iştirak etdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov tədbiri giriş sözü ilə açaraq Bakı 2015 Birinci Avropa Oyunlarına hazırlıqla bağlı rayonda həyata keçirilən işlərdən danışdı.
Daha sonra Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə birgə fəaliyyət istiqamətləri” mövzusunda çıxış etdi.
Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin nümayəndələri Karin Halifaya və Varren Nathana Avropa Oyunlarının təhlükəsizlik sisteminin yaradılması, bu işdə Azərbaycanının təhlükəsizlik orqanları ilə əməkdaşlıq, eləcə də Binəqədi rayonunda yerləşən Bakı Atıcılıq Mərkəzi və Dağ Velosipedi yarışları üçün veloparkın müvafiq təhlükəsizlik sistemi daxilində layihələndirilməsi, obyektlərin yerləşdiyi ərazinin coğrafi yerləşməsinin əhəmiyyəti barədə məlumat verdilər.
Tədbir Oyunların hazırlığı və keçirilməsi dövründə rayon ərazisində, eləcə də yarışların keçiriləcəyi obyektlərdə, kütləvi istirahət yerlərində və çimərliklərdə ictimai təhlükəsizliyin təşkili, qeyd edilən ərazilərdə sanitar təhlükəsizliyinin təmin edilməsi, oyunlar zamanı əhaliyə və rayonun qonaqlarına tibbi xidmətin göstərilməsi, çimərliklərdə aparılan monitorinqlərin nəticələri, dəniz suyunun gigiyenik vəziyyəti mövzuları ətrafında çıxışlar ilə davam etdirildi.
Tədbirdən sonra Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin nümayəndələri Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə tanış oldular.