Rayon gəncləri Heydər Əliyev Mərkəzini ziyarət etdi
Aprelin 29-da Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun bir qrup gənci Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzini ziyarət etdilər.
Ziyarətçilər əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan Mərkəzlə tanış oldular. Mərkəzin əməkdaşları iştirakçılara qeyri-adi, mürəkkəb quruluşa malik və unikal tikili haqqında məlumat verərək bildirdilər ki, mərkəz məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa edilərək 2012-ci ilin mayında istifadəyə verilib. Müasir Bakının simvollarından biri hesab edilən mərkəzdə ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir.
Üç mərtəbədən ibarət muzeydə ən son texnoloji yeniliklərdən istifadə edilməklə dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə dair ətraflı məlumat interaktiv formada təqdim edilir.
Muzeydə Ulu öndər Heydər Əliyevin SSRİ Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı zaman istifadə etdiyi zabit və general geyimi, müxtəlif dövrlərdə istifadə etdiyi dörd xidməti avtomobil, layiq görüldüyü orden və medallar, Sovetlər zamanı və müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə dünya ölkələrinin dövlət və hökumət başçıları ilə görüşlərini əks etdirən fotolarla tanışlıq ziyarətçilər tərəfindən böyük maraqla qarşılandı.
Ziyarətçilər ümummilli liderin həyatı və siyasi fəaliyyəti haqqında zəngin məlumatlar əldə etdilər, daha sonra isə Mərkəzdə yerləşən Azərbaycan İnciləri müzeyi ilə tanış oldular. Altı bölmədən ibarət olan müzeydə Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən eksponatlar, milli geyimlər, xalı növləri, musiqi alətləri və s. haqqında iştirakçılara geniş məlumat verildi.
Eyni zamanda iştirakçılar Mərkəzdə yeni yaradılmış, müxtəlif dövrlərdə Bakı şəhəri və ölkəmizin bir çox regionlarında tikilmiş unikal tikililərin maketlərindən ibarət sərgi ilə tanış oldular.