Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında partiya üzvlüyünə namizədlərlə görüş keçirildi

30 aprel 2015 | 10:00

30 aprel 2015-cü il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında partiya sıralarına qəbul olunmaq istəyən şəxslərlə görüş keçirildi.
Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, ərazi ilk partiya təşkilatlarından olan nümayəndələr və partiya sıralarına qəbul olunmaqla bağlı müraciət etmiş namizədlər iştirak etdilər.
Əvvəlcə iştirakçılar ölkəmiz üçün əlamətdar olan və dünya idmanı tarixində ilk dəfə Azərbaycanda keçiriləcək Bakı-2015 I Avropa Oyunları haqqında film izlədilər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Bakı-2015 I Avropa Oyunları haqqında danışdı, bu idman hadisəsinin ölkəmizdə keçirilməsinin Azərbaycanın dünyada tanıtımı üçün mühüm bir məsələ olduğunu qeyd etdi. Ramiz Göyüşov I Avropa Oyunlarına aparılan hazırlıqlarla bağlı danışaraq bildirdi ki, Oyunlar çərçivəsində 2 idman növü üzrə yarışlar Binəqədi rayonu ərazisində yerləşən Dağ Velosipedi Parkı və Bakı Atıcılıq Mərkəzində baş tutacaqdır. Oyunlara töhfə məqsədi ilə reallaşdırılan “Təmiz Binəqədi” layihəsindən danışan rayon partiya təşkilatının sədri layihənin icrasının uğurla davam etdiyini, layihə çərçivəsində müxtəlif sosial aksiyaların keçirildiyini qeyd etdi.    
Sonra rayon partiya təşkilatının sədri partiya sıralarına qəbulla bağlı müraciət etmiş şəxslərə Yeni Azərbaycan Partiyası haqqında müfəssəl məlumat verdi. O Yeni Azərbaycan Partiyasının bu gün Cənubi Qafqazda ən güclü siyasi qüvvə olduğunu bildirdi. Sədr gündən-günə sıraları genişlənən Yeni Azərbaycan Partiyasına gənclərin daha çox maraq göstərməsini, onların partiya işində yaxından iştirak etməsinin şərəfli bir iş olduğunu vurğuladı. Ramiz Göyüşov partiyanın yaranması, bu günə kimi keçdiyi şərəfli yol, partiyanın ölkənin siyasi və sosial sisteminin yenidən qurulmasına verdiyi töhfəni qeyd etdi. Sədr partiyanın 1992-ci il noyabrın 21-də Azərbaycanın məruz qaldığı ağır günlərdə ümummilli lider Heydər Əliyev tərəfindən yaradıldığını və 6 ay sonra iqtidar partiyasına çevrildiyini, hazırda Yeni Azərbaycan Partiyasının üzvlərinin sayının 650 mindən çox olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Ramiz Göyüşov ümummilli lider Heydər Əliyevin uzaqgörən, ardıcıl siyasətinin hazırda Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın davamlı inkişafı üçün mühüm işlərin görüldüyünü bildirdi.
Daha sonra Yeni Azərbaycan Partiyası sıralarına qoşulmaq istəyən namizədlər özləri haqqında məlumat verdilər, partiyanın nizamnaməsi, proqram və fəaliyyəti, ölkəmizin ictimai-siyasi həyatı haqqında müxtəlif sualları cavablandırdılar.

Keçidlər