Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Heydər Əliyev məfkurəsi” mövzusunda tədbir keçirildi
7 may tarixində Binəqədi Rayon İcra Hakimiyyətində Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Heydər Əliyev məfkurəsi” adlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, R.Rza adına Beynəlxalq mükafat laureatı, “Qızıl Qələm” mükafatçısı Zöhrə Əsgərova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri və rayonun fəal gəncləri iştirak etdilər.
Tədbir iştirakçıların ulu öndər Heydər Əliyevin Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasındakı abidəsinin önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin ruhuna öz dərin ehtiramlarını bildirmələri ilə başladı.
Sonra iştirakçılar Ulu Öndər Heydər Əliyevə həsr edilmiş filmə tamaşa etdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək Azərbaycanın bugünkü inkişaf yolunu xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin davamı kimi səciyyələndirdi və Heydər Əliyevin bütün həyatı boyu vətəninin, xalqının gələcəyini düşündüyünü, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini müəyyənləşdirdiyini qeyd etdi.
Tədbir Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, R.Rza adına Beynəlxalq mükafat laureatı, “Qızıl Qələm” mükafatçısı, Zöhrə Əsgərovanın “Heydər Əliyev məfkurəsi” mövzusunda mühazirəsi ilə davam etdirildi.