Binəqədi rayonunda 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi qeyd edildi
Mayın 9-da Biləcəri qəsəbəsi Daxili Qoşunların “N” saylı hərbi hissəsində 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyinə həsr olunmuş bayram tədbiri keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri - Vüsar İsmayılov və Aygün Əliyeva, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurası Rayon şöbəsinin sədri Telman Hətəmov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçıları, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, hərbi hissənin əsgər və zabit heyəti iştirak etdi.
İlk öncə iştirakçılar torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə güllər düzdülər.
Daha sonra vətən uğrunda dünyasını dəyişmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu.
Daxili Qoşunların müxtəlif əməliyyatlarda istifadə etdiyi müasir silah və hərbi texnika ilə tanışlıqdan sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov çıxış edərək Qələbənin 70 illik yubileyi münasibətilə Böyük Vətən Müharibəsinin iştirakçılarını Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun adından təbrik edərək onlara dərin ehtiramını bildirdi. Natiq çıxışında həmvətənlərimizin vətəni, ölkəni qorumaqla yanaşı, faşizm sisteminin dünyanı işğal etməsinin qarşısının alınmasında fəal iştirak etdiklərini diqqətə çatdıraraq, onların həm vətəndaşlıq, həm də insanlıq borclarını layiqincə yerinə yetirdiklərini vurğuladı, Böyük Vətən Müharibəsi iştirakçılarının tarixi keçmişimizin şanlı səhifələrini əks etdirən canlı əfsanələr olduğunu bir daha xatırlatdı.
Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurası Rayon şöbəsinin sədri T.Hətəmov veteranlara göstərilən dövlət qayğısından danışdı və bu qayğıya görə veteranlar adından ölkə rəhbərliyinə öz minnətdarlığını bildirdi.
Sonra tədbir iştirakçıları Daxili Qoşunların şəxsi heyətinin təntənəli keçidinə tamaşa etdilər, Böyük Vətən Müharibəsi iştirakçıları Qələbənin 70 illik yubiley medalı ilə təltif olundular.
Daha sonra rəmzi olaraq hərbi hissənin ərazisində 70 ədəd ağac əkildi.
Tədbir konsert proqramı ilə davam etdirildi.