“Bakı-2015 İlk Avropa Oyunlarının sosial şəbəkələrdə təbliği” mövzusunda tədbir keçirildi
Mayın 13-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında “Bakı-2015 İlk Avropa Oyunlarının sosial şəbəkələrdə təbliği” mövzusunda tədbir keçirildi.
Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Leyla Kərimova, rayon partiya təşkilatının əməkdaşları, müxtəlif ərazi ilk partiya təşkilatlarının nümayəndələri, gənclər birliklərinin sədr və müavinləri və partiya fəalları iştirak etdilər.
Tədbirdən öncə iştirakçılar Bakı-2015 İlk Avropa Oyunları haqqında YAP Binəqədi rayon təşkilatının hazırladığı video filmə baxdılar.
Sonra tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qarşıdan gələn mühüm tədbir – Bakı 2015 İlk Avropa Oyunları haqqında ətraflı danışaraq bu idman yarışının Azərbaycanı dünyada daha geniş tanıdacağını, ölkəmizin pozitiv imicini gücləndirəcəyini qeyd etdi. Natiq gənclərin İlk Avropa oyunları ilə bağlı geniş məlumata malik olmasının, müxtəlif sosial şəbəkələrdə Avropa Oyunları ilə bağlı fəal təbliğata qoşulmasının vacibliyini vurğuladı. O partiya üzvləri olan gəncləri ölkəmizi istəməyən müxtəlif qüvvələrə qarşı mübarizədə fəal olmağa çağırdı.
Çıxış edən YAP Binəqədi rayon təşkilatının əməkdaşı Əlimərdan Sultanov YAP Binəqədi rayon təşkilatının sosial şəbəkələrdə fəaliyyətindən danışdı. O facebook sosial şəbəkəsində yaradılmış Binəqədi YAP qrupu və rayon partiya təşkilatının rəsmi internet saytı olan bineqediyap.org.az saytı haqqında ətraflı məlumat verdi, təşkilatın müxtəlif media orqanları ilə əməkdaşlığından danışdı.
Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Leyla Kərimova Binəqədi rayon İcra hakimiyyəti tərəfindən rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri, reallaşdırılan layihələr və müxtəlif görüşlərin sosial şəbəkələr vasitəsilə geniş ictimaiyyətə çatdırıldığını bildirdi, sosial şəbəkələrlə müvafiq işin qurulduğu haqqında geniş məlumat verdi.
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Ülviyyə Usubova çıxışında Binəqədi Rayon Gənclər və İdman İdarəsinin gördüyü işlər, reallaşdırılan maarifləndirici tədbirlər haqqında danışaraq bu tədbirlərin sosial şəbəkələrdə geniş əks olunduğunu vurğuladı.
Çıxış edən YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Nərgiz Qurbani gənclərin twitter sosial şəbəkəsində təbliğat işini effektiv qurmaları və onların şəbəkədən düzgün istifadə etməsi haqqında danışdı.
Sonda gənclərin müxtəlif sualları cavablandırıldı.