Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar zərərçəkmiş ailələrə baş çəkdi

21 may 2015 | 10:00

Mayın 21-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar zərərçəkmiş ailələrə baş çəkdi.
İlk öncə Elmira Süleymanova Dövlət Sərhəd Xidmətinin Goradil qəsəbəsindəki “Sərhədçi” istirahət mərkəzinə gedərək, orada kotteclərdə yerləşdirilmiş ailələrlə görüşdü. Müvəkkili Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva və Rayon Bələdiyyəsinin sədri Sitarə Cabbarlı müşayiət etdilər.
Bu mərkəzdə səkkiz ailə doqquz üçotaqlı kottecdə yerləşdirilmişdir. E.Süleymanova həmin ailələrin üzvləri ilə görüşüb söhbət etdi. Zərərçəkmiş ailələrin üzvləri onlar üçün yaradılmış şəraitdən razı olduqlarını, onlara diqqət və qayğı ilə yanaşıldığını söylədilər və Müvəkkilə onlara göstərdiyi qayğı və diqqətə görə təşəkkür etdilər. Daha sonra Müvəkkil kotteclərə və yeməkxanaya baxış keçirdi.
Dövlət Sərhəd Xidmətinin Mənəvi psixoloji hazırlıq idarəsinin rəisi, həkim-psixoloq Vəli Nağıyev Ombudsmana yanğın zamanı ağır stress və həyəcan keçirmiş insanların vəziyyətinin, sağlıq durumunun diqqətdə saxlanıldığını, onlara zəruri tibbi-psixoloji məsləhətlər verildiyini bildirmişdir. E.Süleymanova müəssisənin rəhbərliyinə burada yerləşdirilmiş ailələrlə bağlı müvafiq tövsiyələr verdi.
Daha sonra Müvəkkil Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini və Bilgəh qəsəbə nümayəndəsi ilə birlikdə yanan binanın sakinlərinin müvəqqəti yerləşdiyi Müharibə və Əmək Əlilləri üçün pansionatına baş çəkdi. Həmin pansionatda bu ailələr üçün iki kottec və 18 otaq hazırlanmışdır. E. Süleymanova burada da ailələr üçün ayrılmış yerlərə baxdı.
Yanğından zərər çəkmiş ailələr üçün müəyyənləşdirilmiş müvəqqəti yaşayış yerlərinə baxışdan sonra Ombudsman Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ilə birlikdə yanğın zamanı həlak olmuş Zülfiyyə Şirinova və onun övladları Ülkər və Davud Eyvazovların yas mərasimində iştirak etdi. O, başsağlığı verərək, bu ailənin ağır dərdini bütün xalqımızın ürək ağrısı və kədərlə bölüşdüyünü söylədi, dünyasını dəyişən insanlara Allahdan rəhmət, mərhumların yaxınlarına və doğmalarına səbr dilədi.

Keçidlər