Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Qaçqın və məcburi köçkünlər arasında sosial hüquqların təbliğ edilməsi mövzusunda tədbir keçirildi

25 may 2015 | 10:00

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sosial- İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi tərəfindən  “Qaçqın və məcburi köçkünlər arasında sosial hüquqların təbliğ edilməsi ilə bağlı dəyirmi masaların keçirilməsi” layihəsinin icrasına başlanılıb.
Mayın 25-də Binəqədi rayonunda keçirilən tədbirdə “Sosial- İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri  Rahilə Mehdiyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri Nicat Allahverdiyev, İskəndər Cahangirzadə və Seymur Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Binəqədi rayon sektorunun müdiri Adil Misirov iştirak etdilər.
İlk öncə çıxış edən Seymur Hacıyev 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə” Dövlət Proqramının bu kateqoriyaya daxil olan insanların yaşayış şəraitinin xeyli dərəcədə yaxşılaşmasına kömək etdiyini qeyd edərək bildirmişdir ki, Dövlət Proqramının icrası ilə əlaqədar bütün çadır şəhərcikləri ləğv edilmiş və insanlar yeni salınan qəsəbələrə köçürülmüş və  müasir standartlara uyğun yaşayış imkanları ilə təmin edilmişdir. Eyni zamanda ayrı-ayrı təşkilatların müxtəlif təyinatlı obyektlərində yerləşən ailələr yeni tikilən binalardakı mənzillərlə təmin edilmişdir. Mənzil təminatının yaxşılaşdırılması tədbirləri bu gün də davam etdirilir.
Daha sonra layihə haqqında danışan Rahilə Mehdiyeva layihənin məqsədinin qaçqın və məcburi köçkünlər arasında müvafiq sahə üzrə qanunlarda nəzərdə tutulan sosial hüquqlar və imtiyazların təşviq edilməsi, layihənin pilot regionlarında əhali arasında sosial hüquqlarla bağlı monitorinq və sorğuların keçirilməsi və əhalinin bu hüquqlarla bağlı məlumatlılıq indeksinin müəyyənləşdirilməsi olduğunu  bildirdi. Natiq qeyd etdi ki, təşkilat "Qaçqınların və Məcburi Köçkünlərin Problemlərinin həlli üzrə" Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına dəstək vermək və bu kateqoriyadan olan insanların sağlamlıq və təhsil hüququndan səmərəli istifadəsinə yardım etmək məqsədilə sorğular da keçirir.
“Qaçqınların və Məcburi Köçkünlərin Problemlərinin həlli üzrə" Dövlət Proqramında nəzərdə tutulan tədbirlər və Dövlət Proqramının icrası onun yerinə yetirilməsi haqqında məlumat verən Adil Misirov bildirdi ki, layihə çərçivəsində eyni zamanda xüsusən gənclər üçün nəzərdə tutulan imtiyazlar, vergi güzəştləri, kommunal xidmətlərlə bağlı təminatlar haqqında maarifləndirici müzakirələr aparılacaq. Layihənin qaçqın və məcburi köçkünlərin kompakt yaşadığı Abşeron və Şamaxı rayonlarında da davam etdirilməsi planlaşdırılır.

Keçidlər