Binəqədi rayonunda 28 May Respublika Gününə həsr edilmiş tədbir keçirildi
27 may 2015-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May Respublika Gününə həsr edilmiş “Şərqin ilk parlamentli Demokratik Respublikası” mövzusunda tədbir keçirildi.
YAP Binəqədi rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, eləcə də rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, məktəbəqədər təhsil müəssisələri və ictimai birliklərin rəhbərləri iştirak etdilər.
Tədbirdən öncə 19 may 2015-ci il tarixində Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsinin qurbanlarının və Azərbaycan Xalq Cumhuriyyətinin qurucularının xatirəsi yad edildi. Daha sonra YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov Respublika Gününün əhəmiyyətindən danışdı.
Azərbaycan Xalq Cumhuriyyətinin elan edilməsinədək baş verən tarixi siyasi prosesləri, Cumhuriyyətin qısa fəaliyyət dövrü ərzində əldə etdiyi nailiyyətləri təsvir edən Firdovsiyyə Əhmədova Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsi zamanı Cumhuriyyət dönəminin onun üçün bir növ tarixi pasport rolunu oynadığını qeyd etdi.
Cümhuriyyətin ikinci kabinetində səhiyyə naziri və Gəncənin general-qubernatoru olmuş Xudadat bəy Rəfibəylininin varislərindən olan Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev Cumhuriyyətin fəaliyyətinin Gəncə dövrü barədə danışdı.
Rayon Ziyalılar Cəmiyyətinin sədri Asəf Zamanov Cumhuriyyətin yarandığı ilk vaxtlardan keçdiyi çətin mübarizələrə baxmayaraq onlarla azərbaycanlı gəncin elmi biliklərə yiyələnmək məqsədi ilə Avropanın müxtəlif ali təhsil müəssisələrinə göndərilməsindən danışaraq bu qərarın o dövr üçün çox mütərəqqi addım olduğunu vurğuladı.
İctimai Şuranın sədri Aslan Mehdiyev müasir Azərbaycan dövlətinin bu gün Cumhuriyyətdən varisliklə aldığı dəyər və təcrübələrdən uğurlu şəkildə faydalandığından danışdı.
Son olaraq çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi keçmişimizin şanlı səhifələrindən biri kimi səciyyələndirdi. Natiq eyni zamanda 70 ildən sonra müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının da bu gün regional miqyasda və beynəlxalq aləmdə öz sözünü deyə bilən ölkə olduğunu diqqətə çatdırdı. Öz əməlləri, xidmətləri ilə gerçək bir tarix yaradan və hamımızın qəlbində xüsusi yeri olan əbədiyaşar liderimiz Heydər Əliyevin xidmətlərinin, fədakar əməyinin bəhrəsi olaraq bu gün müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin taleyini yaşamadığını və müstəqillik yolunda dönmədən irəlilədiyini bildirdi.