15 iyun – Milli Qurtuluş Günü münasibətilə Binəqədi rayonunda “Qurtuluşa gedən yol” adlı tədbir keçirildi
Binəqədi rayon 11 saylı on bir illik musiqi məktəbində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşa gedən yol” adlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, aparatın əməkdaşları, rayon mədəniyyət mərkəzlərinin, musiqi məktəblərinin nümayəndələri və rayon ictimaiyyəti iştirak etdi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü il 15 iyun tarixinin onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əziz olduğunu qeyd etdi. Natiq bildirdi ki, vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradanın Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Ulu Öndər Heydər Əliyev olduğunu qeyd edən A.Əliyeva tarixin əbədiliyi, zamanın dolğunluğu, keşməkeşliyi, bəşəriyyətin isə azad, firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borclu olduğunu vurğuladı.
Daha sonra tədbir Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 11 saylı on bir illik musiqi məktəbi, Mərkəzi Mədəniyyət Evi, M.Maqomayev adına 26 saylı on bir illik musiqi məktəbi, F.Əmirov adına 6 saylı on bir illik incəsənət məktəbinin kollektivinin hazırladıqları proqramla davam etdirildi.