8 iyul 2022-ci il tarixində Vətən müharibəsi şəhidi Bayramov Elvin İslam oğlunun doğum günü münasibətilə şəhidin yaşadığı binanın qarşısında xatirə lövhəsinin açılışı oldu.
8 iyul 2022-ci il tarixində Vətən müharibəsi şəhidi Bayramov Elvin İslam oğlunun doğum günü münasibətilə şəhidin yaşadığı binanın qarşısında xatirə lövhəsinin açılışı baş tutdu. Mərasimdə şəhidin ailə üzvləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namil Məmmədov, Biləcəri Qəsəbə Bələdiyyəsinin sədri Etibar Cabbarov, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon filialının sədri İlham Qayıbzadə, şəhidin təhsil aldığı Binəqədi rayonu 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva, müəllim və şagird kollektivi, şəhidin ali təhsil aldığı Azərbaycan Dillər Universitetinin nümayəndələri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyəti iştirak etdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək bildirdi ki, vətən millətin qüruru, ana qucağıdır. Vətən bir xalqın, onun şəhidlərinin, qazilərinin qanının axdığı müqəddəs torpaqdır. Elvinin timsalında canların bu vətən üçün fəda edən qəhrəmanlarımız hər birimizin qürur mənbəyidir. Onları bu dünyaya bəxş edən valideynlərinə ehtiramımız sonsuzdur.
Mərasimdə çıxış edən YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov şəhidlik məqamına ucalan və qürur mənbəyimizə çevrilən hər bir qəhrəmanın xatirəsinin əbədi yaşayacağını və şəhidlərimizin ruhu qarşısında hər zaman borclu olduğumuzu qeyd etdi, şəhidlərimizə hörmət və ehtiramını bildirdi.
Daha sonra, Binəqədi rayonu 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva məktəbin şəhid məzunu haqqında ürək sözlərini söylədi. Məktəbin şagirdləri şəhidin xatirəsinə həsr olunan kompozisiya ilə çıxış etdilər.
Bayramov Elvin İslam oğlu 08 iyul 1999-cu ildə Bakı şəhəri Binəqədi rayonunda dünyaya göz açmışdır. Elvin 2005-ci ildə İlqar Məmməmdov adına 298 saylı tam orta məktəbdə təhsil almışdır. Azərbaycan Dillər Universitetinin “Beynəlxalq Münasibətlər və Regionşünaslıq” fakultəsinə qəbul olmuş, 2020-ci ildə universiteti bitirdikdən sonra, elə həmin ili iyulun 26-sı həqiqi hərbi xidmətə yollanmış və Beyləqanda rayonu “N” saylı hərbi hissədə xidmət etmişdir.
Şəhidimiz 27 sentyabr 2020-ci ildə Ermənistanın işğalı altında olan doğma ərazilərimizin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində iştirak etmişdir. Elvin Bayramov 26 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmış, Biləcəri qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid Elvin Bayramov “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
TƏLTİFLƏRİ: