Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Milli Mətbuat Gününün 140 illiyi münasibətilə “Mənim Mətbuat Katibim” layihəsi keçirildi

16 iyul 2015 | 10:00

Azərbaycan mətbuatının yaranmasından 140 il ötməsini sözü gedən peşənin sahibləri müxtəlif səpkidə qeyd edirlər. Mətbuat nümayəndələri  dövlət strukturları,  onların əməkdaşlıq etdiyi  qurumlar tərəfindən  fəxri adlara layiq görülür, hədiyyələr və diplomlarla təltif olunurlar. Bu ənənənin kənara çıxaraq, Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədinin Dostları Mətbuat Klubunun təşkilatçılığı, “CafeMedia“nın təşkilati dəstəyi ilə iyulun 16-da jurnalist Gülşanə Mustafayevanın ideya müəllifi olduğu “Mənim Mətbuat Katibim” layihəsi keçirildi.
Layihənin məqsədi, daim jurnalistlərlə qarşılıqlı əməkdaşlıq edən nazirliklər və  digər dövlət qurumlarının mətbuat katiblərinin peşə bayramını təbrik etməkdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, nazirlik və digər dövlət qurumlarının mətbuat katibləri və jurnalistlər iştirak etdilər.
Tədbir Milli Mətbuatımızın 140 illik yubileyinə həsr olunmuş videoçarxın nümayişi ilə başladı. Daha sonra layihənin ideya müəllifi Gülşanə Mustafayeva jurnalistləri xüsusi hazırlanmış seçki qutusunun ətrafına dəvət edərək ən fəal mətbuat katibinə səs vermələri xahiş etdi. Səsvermənin nəticələrinə əsasən, Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Səmayə Məmmədova 1-ci yerə layiq görüldü. Birinci, ikinci və üçüncü yerlərin sahibləri və digər mətbuat katibləri diplom və fəxri fərmanlarla təltif edildi. Eyni zamanda, mətbuat katibləri və jurnalistlərə peşə bayramları münasibətilə hədiyyələr verildi.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbirin qonaqlarını salamladı və onları peşə bayramı münasibətilə təbrik etdi. Milli Mətbuatımızın keçdiyi uzun və çətin yoldan danışan natiq dövlətimizin hər bir sahəyə olduğu kimi, mətbuata da diqqət və qayğısından söz açaraq, son illərdə bu sahənin inkişafını diqqətə çatdırdı.
Tədbir bədii hissə ilə davam etdi. Sonda xatirə şəkilləri çəkildi.

Keçidlər