Binəqədi rayonunda Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar tədbir keçirildi.
1 avqust 2015-ci il tarixdə Binəqədi rayonunda yerləşən Zərifə Əliyeva parkında Binəqədi bələdiyyəsi, Binəqədi qəsəbə bələdiyyəsi, Binəqədi Mərkəzi Mədəniyyət Evi və Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar “Ana dili- bizim mədəniyyətimiz, mənəviyyatımızdır” adlı tədbir keçirildi.
Tədbirdən öncə Binəqədi Mərkəzi Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin “Ana dili - anamın dili, laylamın dili” adlı rəsm sərgisi, həmçinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tədbirlə bağlı təşkil etdiyi Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş kitab sərgisi və rəsm sərgisi nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı 1 avqust tarixinin milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlı olduğundan ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunduğunu qeyd edərək, dilin millətin simasını xarakterizə edən amillərdən biri, onun milli sərvəti olduğunu iştirakçıların nəzərinə çatdırdı. Natiq millətin dilinin dövlət dili statusuna yüksəlməsini tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsi kimi kimi səciyyələndirdi.
Daha sonra “Azərbaycan dili və əlifbası” mövzusunda çıxış edən dilçi-ədəbiyyatşünas, əməkdar müəllim, şair Aydın Vəliyev dilin dövlət dili statusuna yüksəlməsinin millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutu olduğunu qeyd edərək bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasının bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş ümummilli lider Heydər Əliyevin düşünülmüş siyasətinin nəticəsi olduğunu vurğuladı.
Tədbir Binəqədi Mərkəzi Mədəniyyət evinin “Qönçə” instrumental ansamblının və “Pöhrə” rəqs qrupunun ifasında konsert proqramı və Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəal oxucularının ifasında bədii-qiraət nümunələri ilə davam etdi.