Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura ekoloji maarifləndirmə mövzusunda tədbir keçirdi
5 avqust tarixdə Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şura ekoloji maarifləndirmə mövzusunda tədbir keçirdi. İctimai Şuranın inzibati binasında keçirilən tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Şövkət Bəkirov, İctimai Şuranın rəhbərliyi və üzvləri, eləcə də Binəqədi RİH başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, Mənzil Kommunal Təsərrüfat Birliyinin rəhbərliyi və gənclər iştirak etdilər.
İlk olaraq Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev çıxış edərək tədbirin mahiyyəti barədə geniş məlumat verdi. Aslan Mehdiyev bildirdi ki, müstəqil Azərbaycana keçmişdən miras qalan bir çox ekoloji problemləri həll etmək üçün dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilmişdir. Natiq qeyd etdi ki, uzun illər ərzində Bakı şəhərinin ekoloji vəziyyətinə mənfi təsir göstərən məişət tullantılarının utilizasiyası ilə əlaqədar olaraq son vaxtlar böyük işlər görülməkdədir. A. Mehdiyev daha sonra müvafiq istiqamətdə Binəqədi rayonunda görülən işlərdən danışdı və İctimai Şura olaraq bu sahəyə öz töhfələrini verərək, əhali arasında ekoloji təbliğat aparacaqlarını tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş mütəxəssisi Şövkət Bəkirov bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ekoloji maariflənməyə xüsusi diqqət yetirir, bu məsələlərlə bağlı müxtəlif layihələr, jurnalistlər arasında yazı müsabiqələri keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yaradılan İctimai Şura haqqında da məlumat verən Şövkət Bəkirov Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın gələcəkdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında müvafiq qurumla əməkdaşlıq etməsini məqsədəuyğun hesab etdiyini bildirdi.
Binəqədi Rayon Ağsaqqallar Şurasının sədr müavini Cahangir Qocayev də müvafiq istiqamətdə ciddi maarifləndirməyə ehtiyac olduğunu qeyd edərək, İctimai Şuranın bu təklifini təqdirəlayiq hal kimi qiymətləndirdi.
Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Həmid Mehdiyev də çıxışında ekoloji təbliğatın aparılmasının ətraf mühitin təmiz olmasında böyük rolu olduğunu bildirdi.
Vətənpərvər Gənclər Klubunun idarə heyətinin üzvü, ictimai fəal, Binəqədi sakini Vüqar Nuriyev çıxışında qeyd etdi ki, Binəqədi rayonunda ətraf mühitin qorunması, yaşıllaşdırma sahəsində görülən işlər örnək və nümunəvi fəaliyyət sırasındadır. Natiq eyni zamanda qeyd etdi ki, hər bir vətəndaşın, sakinin ətraf mühitə vicdanla, düşüncəli şəkildə təması daha məhsuldar nəticələr verə bilər.
Tədbirdə ASAN Könüllülərindən Fidan Alıyeva və Kamran Məmmədov ekoloji maarifləndirmə işinin təşkili ilə bağlı öz təkliflərini verdilər.
Sonra Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi Fuad Hüseynzadə tərəfindən İctimai Şuranın ekoloji təbliğatın aparılması üçün Mətbuat Şurasına müraciəti oxundu.
Müraciət qəbul olunduqdan sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva İctimai Şuranın bu təşəbbüsünün rayon rəhbərliyi tərəfindən alqışladığını bildirdi, ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin sağlamlaşdırılması istiqamətində çox böyük zəhməti olmuş ulu öndərin və bu gün onun gördüyü işləri uğurla davam etdirən Prezident İlham Əliyevin, Heydər Əliyev Fondu və İDEA İctimai Birliyinin ekologiya sahəsində fəaliyyətindən, eləcə də I Avropa Oyunları ərəfəsində Binəqədi rayonunda icrasına başlanılmış “Təmiz Binəqədi” layihəsi haqqında danışdı.
Sonda ictimai Şura üzvlərinə üzvlüyü təsdiq edən vəsiqələri təqdim edən Aygün Əliyeva bu vəsiqələrin İctimai Şura üzvlərinin rayonda qazandıqları nüfuzun rəmzi olduğunu bildirdi.