Binəqədi rayonunda “Gənclərin ətraf mühitin qorunmasında iştirakı” adlı layihə keçirildi
7-8 avqust 2015-ci il tarixlərdə Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının təşkilatçılığı ilə YAP Binəqədi Rayon Təşkilatının inzibati binasında rayonun fəal gənclərindən olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsinin qalibi Orxan Əlixanlının “Gənclərin ətraf mühitin qorunmasında iştirakı” adlı fərdi layihəsi keçirildi.
Layihənin açılış mərasimində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Aparatının rəhbəri Sevinc Abdullayeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və gənclər iştirak etdi.
Layihənin rəhbəri Orxan Əlixanlı tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamladı və layihə haqqında ətraflı məlumat verdi. Ona göstərilən dəstəyə görə rayon rəhbərliyinə və təşkilatçılara təşəkkürünü bildirdi.
Sonra YAP Binəqədi Rayon Təşkilatının Aparatının rəhbəri Sevinc Abdullayeva və Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov Orxan Əlixanlını qrant müsabiqəsinin qalibi olması münasibətilə təbrik etdilər, ona gələcək fəaliyyətində uğurlar dilədilər. Sevinc Abdullayeva layihənin çox aktual bir mövzuya həsr olunduğunu nəzərə çatdıraraq bildirdi ki, ətraf mühitin mühafizəsi hər bir kəsin vəzifəsidir. O, ekoloji vəziyyətin sağlamlaşdırılması üçün həyata keçirilən təbirlərdən və bu istiqamətdə qəbul olunan qanunvericilik aktlarından bəhs etdi.
Layihənin ilk günü iştirakçılar Xəzər Universitetinin Humanitar və Sosial Elmlər Fakültəsinin tələbəsi və “Sosial Məişət Problemlərinin Elmi Araşdırma Mərkəzi”nin rəhbəri Mirağa Bağırov tərəfindən ətraf mühitin qorunmasında gənclərin rolu ilə bağlı təqdimatı izlədi. Təqdimatdan sonra iştirakçılar mövzu ətrafında onları maraqlandıran sualları təlimçiyə ünvanladılar və ətraf mühitin qorunması ilə bağlı təkliflərini səsləndirdilər.
Layihənin ikinci günü isə iştirakçılar mövzu ətrafında diskussiya apardılar.