Binəqədi rayonunda “Müasir Azərbaycan gəncliyi dövlətçilik ənənələrinə sadiqdir” mövzusunda tədbir keçirildi
12 avqust tarixində Binəqədi rayonunda Heydər Əliyev adına İstirahət və Mədəniyyət Parkında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra edilən “Ümumi Qafqaz Evi” layihəsi çərçivəsində “Müasir Azərbaycan gəncliyi dövlətçilik ənənələrinə sadiqdir” mövzusunda tədbir keçirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Əli Pənahov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Aparatının rəhbəri Sevinc Abdullayeva, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Zöhrə Əsgərova, ölkənin müxtəlif gənclər təşkilatlarının sədrləri, sədr müavinləri, ASAN Könüllüləri və rayonun fəal gəncləri iştirak etdi.
Moderator, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə tədbir iştirakçılarını və qonaqları salamladıqdan sonra “Dövlət Gənclər Siyasəti və Heydər Əliyev siyasi kursu” mövzusunda video-çarx nümayiş etdirildi.
Daha sonra Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Leyla Kərimova, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Zöhrə Əsgərova, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Əli Pənahov gəncləri təbrik edərək dövlət tərəfindən gənclərə göstərilən qayğı və diqqətdən danışdı.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, “Gənclər üçün Təhsil Mərkəzi”nin sədri Fəxrəddin Həsənzadə, Binəqədi rayonu fəal gəncləri adından Nərgiz Qurbani, ASAN Könüllüləri adından Könül Ağasənli və digər fəal gənclər dövlətimiz və rəhbərlik tərəfindən gənclərə yaradılan münbit şəraitə görə dərin təşəkkürlərini bildirərək, gəncləri Azərbaycanın milli-mənəvi dəyərlərinə hər zaman sahib çıxmağa səslədilər.
Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov gəncləri həm rayon rəhbərliyi adından, həm də öz adından təbrik edərək gənclərin bu cür təşəbbüslərinin Binəqədi Rayon İcra Hakimiyyəti rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini və onlar üçün rayon ərazisində lazımi şərait yaradıldığını bildirdi. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin təqdirəlayiq olduğunu söyləyən Qüdsi Bayramov Fondun qrant müsabiqələrində qalib gələn gənclərin Binəqədi rayonu ərazisində öz layihələrini icra etmələri üçün hər cür dəstəklə təmin olunduqlarını vurğuladı.
Tədbir Binəqədi rayonu ərazisində yaşayan istedadlı gənclərin repertuarında musiqi nömrələri ilə davam etdi.