Xaricdə təhsil alan azərbaycanlı gənclərlə görüş keçirildi
Diaspor Jurnalistləri Birliyi (DJB) və Azərbaycanlı Gənclərin Beynəlxalq Alyansının təşkilatçılığı ilə xaricdə yaşayan və təhsil alan Azərbaycanlı gənclərin Bakıda görüşü təşkil edildi.
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın inzibati binasında keçirilən dəyirmi masada xaricdə yaşayan və təhsil alan gənclərlə yanaşı qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etdilər.
Öncə tədbir iştirakçıları ötən həftə Şimali Kiprdə yol qəzasında dünyasını dəyişən azərbaycanlı tələbə Heydər Əliyevin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Sonra tədbiri Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə açaraq xaricdə yaşayan və təhsil alan Azərbaycanlı gənclərin artıq yeni bir gücə çevrildiyini qeyd etdi. Natiq eyni zamanda bu gənclərin fəaliyyətinin lazımi qaydada koordinasiya edilmədiyini, onların potensiallarının düzgün yönləndirilmədiyini bildirdi. Fuad Hüseynzadə gənclərin Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa təşviq edilməsi və onların Vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi üçün onların təşkilatlanmasının zəruri olduğunu vurğuladı.
Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi humanitar şöbəsinin məsul əməkdaşı Rəvanə Əliyeva Rayon İcra Hakimiyyəti tərəfindən xaricdə təhsil alan Binəqədi rayonundan olan tələbələrlə, onların ailələri ilə mütəmadi görüşlər keçirildiyini, gənclərə və ailələrə lazımi dəstək göstərildiyini qeyd etdi.
Daha sonra Azərbaycan diasporunun digər fəalları tərəfindən təkliflər səsləndirildi. Xaricdəki Azərbaycanlı gənclərin yaşadıqları ölkələrin kütləvi informasiya vasitələri ilə əməkdaşlıq etmələri, Azərbaycanı tanıtmaq, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün səy göstərmələri təklif edildi.
DJB-nin İdarə heyətinin üzvü Siyavuş Əmirli xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin diaspor təşkilatları ilə sıx əməkdaşlıq etməsinin, diaspor fəaliyyətini təkcə Avropada deyil, eləcə də Asiya ölkələrində də aparmasının, yerli və ya beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində fəaliyyət göstərməsinin zəruriliyini qeyd etdi. Natiq bildirildi ki, xarici ölkələrlə yaradılan Media Forumları xaricdə oxuyan və ya çalışan həmvətənlərimizi bir ideya ətrafında toplaya bilər.
Sonra tədbirdə iştirak edən gənclər növbəti aylarda həyata keçirəcəkləri layihələri müzakirə etdilər.