Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhidlərimiz Xatirələrdə” adlı kitabın təqdimetmə mərasimi keçirilib

22 avqust 2015 | 10:00

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təşkilati dəstəyi ilə reallaşan “Şəhidlərimiz Xatirələrdə” adlı layihənin bağlanış tədbiri və “Şəhidlərimiz Xatirələrdə” adlı kitabın təqdimetmə mərasimi keçirildi.
Tədbirdə YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Təşkilatın Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, Təşkilatın Aparatının rəhbəri Sevinc Abdullayeva, layihənin rəhbəri, YAP Binəqədi rayon Təşkilatının baş təlimatçısı Kubra Əliyarlı, Binəqədi rayonunda fəaliyyət göstərən bələdiyyələrin sədrləri, ərazi ilk partiya təşkilatlarının rəhbərləri, fəalları və gənclər iştirak etdilər.
Tədbiri giriş nitqi ilə açan Kubra Əliyarlı layihə barədə ətraflı məlumat verdi. Natiq icrasına may ayının 15-dən başlanılmış layihə ərzində şəhid ailələri ilə görüşlərin keçirildiyini və görüşlər zamanı şəhidlərimizlə bağlı xatirələrin dinlənildiyini və bu xatirələr əsasında onun müəllifliyi ilə “Şəhidlərimiz Xatirələrdə” adlı kitabın nəşr edildiyini bildirdi. Layihə rəhbəri həmçinin qeyd etdi ki, 152 səhifəlik 430 tirajla kitab nəşr edilmiş kitabda Qarabağ döyüşlərində şücaət göstərmiş və qəhrəmancasına şəhid olmuş Azərbaycan oğullarının – Əbülfəz Əliyev, Əfqan Novruzov, Hicran Zülfiyev, Namiq Babayev, Nemət Şahmuradov, Nüsrət İsmayılov, Rövşən İmanov, Ruzi Hüseynov, Etibar Xəlilov və Milli Qəhrəmanlar Vəzir Sədiyev və Famil İsgəndərovun həyat və döyüş yolu əks olunmuşdur. K.Əliyarlı bu layihəni reallaşdırmaqda əsas məqsədinin Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş oğullarımızın xatirəsini ehtiramla yad etmək və bu həqiqətləri yetişən və yetişməkdə olan nəsillərə əmanət ötürmək olduğunu bildirdi.
Tədbirdə şəhid Nüsrət İsmayılovun qızı Reyhan İsmayılova və şəhid Rövşən İmanovun anası Səkinə Dadaşova çıxış edərək öz təəssüratlarını bölüşdülər. Şəhid ailələri layihənin reallaşmasında əməyi olan hər kəsə təşəkkür etdilər, şəhidlərimizlə bağlı xatirələrini bölüşdülər.
Tədbirdə, həmçinin şəhid Nüsrət İsmayılovun nəvəsi Aysu İmamaquliyeva babasına ithaf etdiyi şeiri səsləndirdi.
Tədbirdə yekununda çıxış edən Ramiz Göyüşov layihənin əhəmiyyəti barədə danışdı. Natiq vurğuladı ki, Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması, ermənilərin işğalçılıq siyasəti, eləcə də bu işğalçılığa qarşı çıxaraq öz ölkəsinin ərazi bütövlüyü uğrunda şəhid olmuş oğullarımız barədə kitabların yazılması və digər bu kimi təbliğat işlərinin aparılması vacib olduğundan sözügedən kitab daha geniş oxucu kütləsinə çatdırılmalıdır. Ramiz Göyüşov bu kitab vasitəsilə insanların daha çox maariflənəcəyinə və erməni işğalçılarının əsl mahiyyətinin bir daha ifşa olunacağına inamını ifadə etdi.
Tədbirin sonunda kitab müəllif tərəfindən imzalanaraq tədbir iştirakçılarına hədiyyə olundu.

Keçidlər