“7-ci mikrorayon Gənclər Təşkilatı” ƏİPT-nın üzvləri ilə görüş keçirildi
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətinin daha səmərəli təşkili və onların rayonun ictimai-siyasi həyatına aktiv şəkildə inteqrasiyası məqsədi ilə bir sıra görüşlər keçirilir. Belə görüşlərdən biri də Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yaşayan gənclərlə təşkil edildi.
Görüşdə YAP Binəqədi rayon Təşkilatının Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, Binəqədi Bələdiyyəsinin sədr müavini Firəngiz Qayayeva, YAP Binəqədi rayon təşkilatının “7-ci mikrorayon Gənclər Təşkilatı” ərazi ilk partiya təşkilatının sədri Vüqar Babayev, bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr göstərmiş gənclər, müxtəlif idman yarışlarında ölkəmizin idman şərəfini layiqincə qorumuş gənc idmançılar və bir qrup fəal gənc iştirak etdilər.
Görüşü giriş nitqi ilə açan Mahmud Məmmədzadə bu kimi görüşlərin önəmini xüsusi vurğuladı. O, rayonda gənclər üçün yaradılmış şəraitdən danışaraq bu gün ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin Binəqədi rayonunda uğurla icra olunduğunu diqqətə çatdırdı və gələcəkdə reallaşdırılması nəzərdə tutulan irimiqyaslı layihələr haqqında auditoriyaya ətraflı məlumat verdi.
Binəqədi bələdiyyəsinin sədr müavini Firəngiz Qayayeva partiya sıralarında zamanında könüllü kimi çalışmış və bu gün rayonda müxtəlif icrası məsuliyyətli işlərin etibar edildiyi fəal gənclərdən danışdı.
Daha sonra çıxış edən Vüqar Babayev tədbir iştirakçılarını partiya Gənclər Birliyinin fəaliyyətində daha da yaxından iştirak etməyə çağıraraq hakim partiyanın sıralarında hər zaman istedadlı, vətənini sevən, dövlətçiliyə sadiq gənclərə yer olduğunu xüsusi vurğuladı.
Görüş ərzində Binəqədi rayonunda gənclərlə həyata keçirilən tədbir və layihələri özündə əks etdirən video filmlər nümayiş etdirildi, rayon gənclərinin təşəbbüsü ilə icra edilən sosial layihələr haqqında geniş məlumat verildi.
Eyni zamanda 7-ci mikrorayon gəncləri öz fikirlərini bölüşərək gələcəkdə görmək istədikləri layihələr barəsində fikirlərini bildirdilər. Onlar belə görüşlərin çox əhəmiyyətini vurğulayaraq gənclərə göstərilən diqqət və qayğıya görə YAP Binəqədi rayon təşkilatının rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.