YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin Şura iclası keçirildi
Avqustun 27-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin Şura iclası keçirildi.
Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, təşkilatın Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, təşkilatın aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və Gənclər Birliyinin şura üzvləri iştirak etdilər. İclasda Gənclər Birliyinin Fəaliyyət Planı və qarşıdan gələn Milli Məclisə seçkilərdə gənclərin fəallığının artırılması ilə bağlı bir sıra məsələlər geniş müzakirə olundu.
İclası giriş nitqi ilə açan Mahmud Məmmədzadə Gənclər Birliyinin son 5 ay ərzində gördüyü işlər və qarşıda duran vəzifələr barədə məlumat verdi.
İclasda çıxış edən Ramiz Göyüşov Gənclər Birliyinin fəaliyyəti barədə geniş çıxış etdi. O bu gün Yeni Azərbaycan Partiyasının ətrafında kifayət qədər potensiallı gənclər ordusunun toplaşdığını bildirdi. R.Göyüşov partiya sıralarında gənclərin çoxluq təşkil etməsinin gənclərin YAP sədri, Prezident cənab İlham Əliyevi və onun rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəklədiyinin sübutu olduğunu vurğuladı.
Ramiz Göyüşov YAP Binəqədi rayon təşkilatı tərəfindən bir neçə ərazi ilk partiya təşkilatında gənclər birliklərinin yaradıldığını diqqətə çatdırdı. Daha sonra o, Milli Məclisə növbəti seçkilərə hazırlıq məsələlərinə toxunaraq, partiyanın gənclərini seçki prosesində daha mütəşəkkil şəkildə birləşməyə və ictimai-siyasi proseslərdə fəallıq nümayiş etdirməyə çağırdı.
Daha sonra çıxış edən Qüdsi Bayramov Gənclər Birliyinin fəaliyyətini yüksək qiymətləndirərək, Gənclər Birliyi tərəfindən həyata keçirilən bir sıra tədbirlər və layihələrə diqqət çəkdi.
Binəqədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Leyla Kərimova partiyanın bir sıra fəal gənci tərəfindən rayon icra hakimiyyətinə ünvanlanan təklifləri diqqətə çatdırdı. Natiq bildirdi ki, müxtəlif mövzuları əhatə edən bu təkliflərin hər biri rayon rəhbərliyi tərəfindən dəyərləndirilir və onların reallaşdırılması istiqamətində işlər görülür.
Sevinc Abdullayeva öz çıxışında rayon rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan geniş söhbət açdı. Bildirdi ki, gənclər onlar üçün yaradılan şəraitdən maksimum istifadə etməli və öz fəaliyyətlərini bu istiqamətdə daha mütəşəkkil qurmalıdırlar.
İclas Gənclər Birliyinin şura üzvlərinin geniş fikir mübadiləsi ilə başa çatdı.