Xarici ölkələrdə işləyən və təhsil alan gənclər Şamaxı rayonuna səfər etdilər
Diaspor Jurnalistləri Birliyi (DJB) və Azərbaycanlı Gənclərin Beynəlxalq Alyansının (Azerbaijan İnternational Youth Alliance) təşkilatçılığı ilə xaricdə yaşayan və təhsil alan gənclər Şamaxı rayonuna səfər etdilər.
Səfərin əsas məqsədi gəncləri ölkəmiz haqda həqiqətlərin xarici ölkələrdə təbliğinə təşviq etmək və perspektiv layihələrin müzakirəsini aparmaqdan ibarət idi.
Gənclər səfər çərçivəsində Bakı-Şamaxı yolunun kənarında dəfn edilən naməlum türk əsgərinin şərəfinə ucaldılan abidəni ziyarət etdilər. DJB sədri Fuad Hüseynzadə qeyd etdi ki, bu məzar Türkiyə Azərbaycan qardaşlığının simvoludur.
Daha sonra gənclər Şamaxı rəsədxanasına baş çəkdilər. Rəsədxananın ekspedisiya təşkilatçısı Müşfiq Hüseynov gənclərlə burda olan teleskoplar haqqında məlumat verdi.
Gənclərin istirahət vaxtlarını səmərəli keçirmələri üçün meşə gəzintiləri də təşkil olundu. Bununla yanaşı səfər müddətində gənclər üçün əyləncəli və düşündürücü oyunlar da keçirildi.
Günün ikinci yarısında “Xaricdə yaşayan gənclərimizdən faydalan” adlı dəyirmi masa keçirildi. Yığıncaqda Azərbaycan diasporunun gənc fəalları həyata keçirəcəkləri tədbir və layihələr haqqında məlumat verdilər. Tədbiri DJB sədri Fuad Hüseynzadə açaraq görüləcək işlərlərdən danışdı.
Tədbirdə iştirak edən Binəqədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rəvanə Əliyeva sentyabrın 3-də Şəmkir şəhərində Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən keçiriləcək “Binəqədi Gənclərinin II Liderlik Məclisi” layihəsi haqqında məlumat verdi. O, layihə çərçivəsində xaricdə təhsil alan Binəqədi rayonundan olan tələbələrin də öz təcrübələrini region gəncləri ilə bölüşəcəklərini qeyd etdi.
Diaspor Jurnalistləri Birliyinin İdarə heyətinin üzvü, ictimai fəal Vüqar Nuriyev gənclərin kreativ ideya və layihələrini yüksək qiymətləndirdi.
Toplantıda 30 ölkədə yaşayan və təhsil alan gəncləri bir araya gətirən AİYA-nın strukturunun müəyyənlədirilməsi müzakirə olundu. Müzakirələrdə AİYA-nın Almaniyada qeydiyyatdan keçirilməsi, xarici ölkələrdə koordinatorluqlarının yaradılması təklif olundu.
DJB-nin İdarə heyətinin üzvü Siyavuş Əmirli isə AİYA-nın 10 dildə “Vikipediya” səhifəsinin yaradılmasının nəzərdə tutulduğunu qeyd etdi.
Sonda xarici ölkələrdə ictimai fəallıq göstərən gənclər DJB və AİYA tərəfindən Təşəkkürnamə ilə təltif olundular.