"Sosial şəbəkələrdə seçki təbliğatının qurulması" mövzusunda tədbir keçirildi
17 sentyabr tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında "Sosial şəbəkələrdə seçki təbliğatının qurulması" mövzusunda tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, rayon icra nümayəndəliklərinin, rayon bələdiyyələrinin sosial şəbəkədəki səhifələrinin adminstratorları və fəal gənclər iştirak etdilər.
İlk öncə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov YAP Binəqədi rayon təşkilatı tərəfindən bir neçə ərazi ilk partiya təşkilatında gənclər birliklərinin yaradıldığını diqqətə çatdırdı. Daha sonra o, Milli Məclisə növbəti seçkilərə hazırlıq məsələlərinə toxunaraq, partiyanın gənclərini seçki prosesində daha mütəşəkkil şəkildə birləşməyə və ictimai-siyasi proseslərdə fəallıq nümayiş etdirməyə çağırdı.
Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva mövzunun əhəmiyyətini vurğulayaraq gənclərin bu sahədə üzərinə daha böyük məsuliyyət düşdüyünü qeyd etdi. Eyni zamanda A.Əliyeva təbliğatın qurulması işini asanlaşdırılacaq operativ qrupun yaradılması haqqında məlumat verdi.
Tədbirin ikinci hissəsində Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Leyla Kərimova "Sosial şəbəkələrdə seçki təbliğatının qurulması" mövzusunda çıxış etdi.
Daha sonra YAP Binəqədi rayon təşkilatının aparatının rəhbəri Sevinc Abdullayeva və YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə təkliflərlə çıxış etdilər.
Çıxışlardan sonra sosial şəbəkə administratorlarının təklifləri dinlənildi.