YAP Binəqədi rayon təşkilatında seçki təlimi və sınaq seçki keçirildi
Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının təşəbbüsü ilə bu ilin 1 noyabr tarixində keçiriləcək Milli Məclisə seçkilərə hazırlıq məqsədilə seçki təlimi və Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq məntəqə seçki komissiyasının bütün tərkibi, müşahidəçilər, seçicilər və seçki zamanı istifadə olunan bütün əyani vəsaitlər vasitəsilə sınaq seçki prosesi aparıldı. Təlimdə əsasən partiyanın rayon təşkilatının gənc fəalları iştirak etdilər.
Təlimdə çıxış edən YAP Binəqədi rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva təlimin keçirilməsinin gənclərin seçki prosesi ilə bağlı maarifləndirilməsi məqsədini daşıdığını bildirdi. Qeyd etdi ki, bu günkü təlimdə seçki qanunvericiliyinə əsaslanan bütün məsələlər gənclərə geniş çatdırılacaq və onlar sınaq seçki prosesi vasitəsilə 1 noyabrda keçiriləcək parlament seçkləri barədə tam məlumatlı olacaqlar.
Təlimçi, 9 saylı Binəqədi ikinci seçki dairəsinin 26 saylı məntəqə seçki komissiyasının sədri Şəhla Təhməzova gənclərə seçkilərdə səsvermə üçün mövcud prosedur qaydaları barədə geniş təlim keçdi. O, Azərbaycanda seçki prosesi, seçki prosesi ilə bağlı mövcud qanunvericilik və bu qanunvericilikdə nəzərədə tutulan bir sıra məqamlara aydınlıq gətirdi. Natiq eyni zamanda bildirdi ki, 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşı seçkilərdə seçici qismində iştirak etmək hüququna malikdir və onlar bu hüquqdan istifadə edərək ölkəmizdə keçirilən bütün seçkilərdə öz namizədini dəstəkləyə bilər.
Təlimdə yekun nitq söyləyən YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov bu cür təlimlərin yüksək əhəmiyyətini qeyd etdi. O bildirdi ki, belə təlimlər gənclərin maarifləndirilməsi ilə yanaşı, onların seçki proseslərində də fəal iştirak etmələrinə şərait yaradır. Ramiz Göyüşov seçkilərlə bağlı təlimlərin davamlı olacağını vurğulayaraq, gəncləri bu proseslərdcə fəal iştirak etməyə səslədi.
Təlimin sonunda sınaq seçki keçirildi. Bir məntəqə seçki komissiyasının fonunda seçki prosesi canlandırıldı. Gənclər prosesdə yaxından iştirak etdilər.