Binəqədi rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd edildi
5 oktyabr tarixində YAP Binəqədi təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Binəqədi Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Müəllim Günü münasibətilə tədbir keçirildi.
Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, RİH başçısının müavinləri, millət vəkili Aqil Abbas, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, əməkdar müəllim Respublika Təhsil Şurasının sədri professor Əjdər Ağayev, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədri professor Asəf Zamanov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi rayon komitəsinin sədri Almaz Hacıyeva və rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin nümayəndələri iştirak etdi.
Tədbirdə ilk olaraq çıxış edən millət vəkili Aqil Abbasa müəllimlik peşəsinin məsuliyyətli və şərəfli iş olduğunu qeyd edərək müəllimin yüksək əqidəyə, mədəniyyətə və mənəviyyata malik olaraq daim düzgün vətəndaşlıq mövqeyi nümayiş etdirməli olduğunu bildirdi.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov məhz müəllimlərin uşaq və gəncləri vətənə məhəbbət ruhunda tərbiyə etdiyini, onları vətənin müdafiəsinə hazırlaydığını vurğulayaraq xalqın gələcəyinin müəllimlərin əsas silahı olan bilikdən asılı olduğunu qeyd etdi.
Əməkdar müəllim, Respublika Təhsil Şurasının sədri professor Əjdər Ağayev Binəqədi rayonunda təhsilin inkişafına diqqətlə yanaşıldığını qeyd edərək əldə edilmiş nailiyyətlərin məhz rayon rəhbərliyinin məktəblərə göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı adından müəllimləri təbrik edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov son illər bir sıra sahələrdə olduğu kimi, ölkədə təhsil sahəsində də yaddaqalan uğurlar əldə edildiyini bildirdi. Natiq bütün bu uğurların dəfələrlə çıxışlarında Azərbaycanda yeni gənc nəslin yetişdirilməsi və tərbiyə olunmasında təhsilin, məktəbin əhəmiyyətinin çox böyük olduğunu vurğulayan Prezident İlham Əliyevin təhsil sahəsində apardığı siyasətin məqsədyönlülüyünün bariz sübutu olduğunu vurğuladı.
Daha sonra Beynəlxalq Müəllim Günü münasibətilə təhsil sahəsində qazandığı uğurlara və rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup təhsil işçisi rayon icra hakimiyyəti başçısının fəxri fərmanı və hədiyyələri ilə təltif olundu.
Tədbir Xəzər Universitetinin orkestrinin ifasında musiqilərlə davam etdi.