Binəqədi rayonunda 2015-ci ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
Oktyabrın 21-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2015-ci ilin 9 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
İclası giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikanın rayon və şəhərlərinin sosial iqtisadi inkişafı üçün yorulmadan həyata keçirdiyi və uzun müddət üçün hesablanmış tədbirlər, həmçinin bu kontekstdə hökumətin qarşısında qoyduğu vəzifələrin davamlı və uğurlu icrasının artıq son illər tendensiya halına düşərək uğurlu nəticələrini verməkdə olduğunu toplantı iştirakçılarının diqqətinə çatdırdı. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı hesabat məruzəsi ilə çıxış edərək ölkə başçısının yürütdüyü məqsədyönlü siyasi kurs nəticəsində 2015-ci ilin 9 ayının da inkişaf və tərəqqi ilə başa vurulduğunu bildirdi.
Çıxışda qeyd edildi ki, 2015-ci ilin yanvar-sentyabr ayları ərzində görülən işlərin yekunu olaraq Binəqədi rayonunun sosial-iqtisadi həyatında da bir sıra nəticələr əldə edilmiş, sənaye sahəsində keçən ilin müvafiq dövrünə nisbətən 1888,0 min manat, nəqliyyat sektorunda 4435,6 min manat, rabitə sektorunda 90,8 min manat artım müşahidə olunmuşdur. Tikinti sektorunda hesabat dövründə bütün maliyyə mənbələri hesabına 46265,3 min manat əsas fondlar istifadəyə verilmişdir. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı isə 451,3 manat təşkil etmişdir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 280204,4 min manat təşkil etmişdir. 2015-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən xidmətlərin 20,2%-i dövlət müəssisələrinin payına düşmüşdür.
2015-ci ilin 9 ayı ərzində orta aylıq nominal əmək haqqı keçən ilin müvafiq dövrünə nisbətən 0,1% artaraq, 409,3 manata çatmışdır.
2015-ci il oktyabr ayının 1-i tarixinə olan məlumata əsasən, Binəqədi rayonunda 3375 yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimi iş yerləridir.
Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov qeyd etdi ki, hesabat dövrü ərzində sakinlərin kommunal səhədə, həmçinin digər sosial sahələrdə mövcud olan bir sıra problemləri öz müsbət həllini tapmışdır. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində rayonda ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların firavan yaşayışı üçün zəruri infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmətlərin göstərilməsinə nail olunmuş, genişmiqyaslı işlər görülmüşdür. Həmçinin, Proqrama əsasən Bakı Atıcılıq Mərkəzinin sökülərək yenidən qurulması və Dağ Velosipedi yarışları üçün Veloparkın inşası işləri 2015-ci ilin mart ayında yekunlaşmış, yeni “Gənclər evi”nin istifadəyə verilməsi ilə əlaqədar tamamlanma işləri başa çatdırılmış, Respublika Əllilərin Bərpa Mərkəzinin yenidənqurulması yekunlaşmış, 283 nömrəli orta məktəbdə təmir və yenidənqurma işləri başa çatmışdır.
Yığıncaq hesabat dövrü ərzində Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayonun təsərrüfat sahəsində görülmüş işlər barədə Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Azər Məmmədovun və rayonun səhiyyə sahəsində görülmüş işlər haqqında 9 saylı şəhər poliklinikasının baş həkimi Rövşən Abbasovun çıxışları ilə davam etdirildi.
Daha sonra “Bakı Tekstil” fabrikinin icraçı direktoru Elçin Babayev çıxış edərək Sahibkarlığın inkişafı istiqamətində ölkədə həyata keçirilən uğurlu islahatlardan danışaraq çalışdığı müəssisənin əldə etdiyi nailiyyətlər barədə məlumat verdi.Şura iclasının qərarı oxunduqdan sonra iclasa yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qarşıda duran vəzifələrdən danışaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verdi.