“Yaşıl Ürək” adlı fərdi layihəsinin açılış mərasimi keçirildi
20 oktyabr 2015-ci il tarixdə YAP Binəqədi Rayon Təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VI qrant müsabiqəsində qalib olan, rayonun fəal gənci Nilufər Yunusovanın “Yaşıl Ürək” adlı fərdi layihəsinin açılış mərasimi keçirildi.
Tədbirdə YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, rayonun fəal gəncləri, gənclərlə iş üzrə nümayəndələr, məktəblilər iştirak etdilər.
Tədbiri YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə açaraq layihə haqqında qısa məlumat verdi.
Sonra Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və YAP Gənclər Birliyinin nümayəndəsi Əli Qənbərli, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların fikir və ideyalarının reallaşdırılması istiqamətində ölkəmizdə görülən işlərdən bəhs etdilər. Bu baxımdan Gənclər Fondunun fəaliyyəti, o cümlədən gənclərin fərdi layihələrinin maliyyələşdirilməsinin əhəmiyyətindən danışdılar.
Layihə rəhbəri Nilufər Yunusova çıxış edərək “Yaşıl Ürək” ekoloji layihəsi haqqında ətraflı məlumat verdi. Layihənin həyata keçirilməsində ona dəstək olan hər kəsə təşəkkürünü bildirdi.
Tədbirin rəsmi hissəsindən sonra layihə iştirakçısı olan 50 nəfər məktəbliyə Bakı Dövlət Universitetinin Psixologiya fakültəsinin IV kurs tələbəsi Günay Zeynallının təqdimatında ekologiya mövzusunda təlim keçirildi. Məktəblilərin böyük marağına səbəb olmuş təlimin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.
Layihənin icrası müddətində iştirakçıların Təmiz Şəhər ASC-yə ekskursiyası, mövzu üzrə rəsm sərgisinin təşkil olunması və sonda sertifikatla mükafatlandırılması nəzərdə tutulub.