Şriftin ölçüsü :

Saytın rəngi :

246 nömrəli məktəb-liseydə Bayraq Gününə həsr olunmuş tədbir-sərgi keçirildi

06 noyabr 2015 | 11:00

Noyabrın 6-da 246 nömrəli məktəb-liseydə 9 Noyabr - Bayraq Gününə həsr olunmuş tədbir-sərgi keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan 246 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova Bayraq günü haqqında geniş məlumat verdi.  O bildirdi ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov qeyd etdi ki, Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən Bakının Bayıl qəsəbəsində dünyanın ən hündür bayraq dirəyi inşa edilib və Dövlət bayrağı meydanı salınıb.
Çıxışlardan sonra Dövlət Bayraq Meydanının açılışından bəhs edən videoçarx izlənildi.
Tədbir-sərginin bədii hissəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mahnı və rəqs ansamblının və məktəbin şagirdlərinin ifasında vətənpərvərliyi tərrənnüm edən şeirlər, mahnılar səsləndirildi və səhnəciklər nümayiş olundu.
Tədbirin sonunda  Azərbaycan Respublikasının üçrəngli bayrağı lisey şagirdləri tərəfindən səhnəyə gətirildi.

 

Keçidlər