“Azərbaycançılıq məfkurəsinin gənclərə təbliği” mövzusunda tədbir keçirildi
Noyabrın 6-da Binəqədi rayonunda Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər həyata keçirilib.
Bu tədbirlərdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “SAF Həyat Naminə” İctimai Birliyi tərəfindən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasıda keçirilən “Azərbaycançılıq məfkurəsinin gənclərə təbliği” mövzusunda oldu.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçisi Rauf Həsənov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Təlim-tərbiyə işləri üzrə prorektoru Sirac Məmmədov, İctimai Birliyin fəal üzvləri, layihə rəhbəri və təlimçiləri, eyni zamanda adı çəkilən ali təhsil müəssisəsinin fəal tələbələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Sirac Məmmədov bildirib ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanının müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, cəmiyyətin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürmüşdür. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Heydər Əliyevin tarixi xidmətidir. S.Məmmədov Heydər Əliyevin hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimizin arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışdığını qeyd etdi.
Layihənin ideya müəllifi Nailə İsmayılova öz çıxışında Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənasının dərin olduğunu və azərbaycançılığın milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurə olduğunu bildirdi.
Tədbirin sonunda çıxış edən layihə rəhbəri tədbirin həyata keçirilməsinə yaratdığı şəraitə görə Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşkilat adından minnətdarlığını bildirdi..