Şriftin ölçüsü :

Saytın rəngi :

“ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi üzvlərinin Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçmələrinin başa çatması münasibətilə tədbir keçirildi

07 noyabr 2015 | 11:00

Noyabrın 7-də “ASAN-Master 2” layihəsində iştirak edən “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi üzvlərinin Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçmələrinin başa çatması münasibətilə tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, “Asan Xidmət Mərkəzi” İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri,   eləcə də Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri iştirak etdilər.
Tədbiri açıq elan edən moderator Fidan Alıyeva iştirakçılara ASAN könüllülərinin fəaliyyəti barədə məlumat verdi, Binəqədi Rayon İcra Hakimiyyətində keçdikləri üç aylıq təcrübədən danışdı.
Sonra ASAN könüllülərindən Nahid Qasımov, Kamran Məmmədov, Ayşə Allahverdiyeva və Hidayət Kərimov çıxış edərək Binəqədi Rayon İcra Hakimiyyətində keçdikləri iş təcrübəsindən danışdılar, ötən üç ay ərzində fərqli şöbələrdə təcrübə keçən ASAN könüllülərə göstərilən diqqət və qayğıkeş münasibətdən bəhs etdilər və bütün bunlara görə Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və kollektivə minnətdarlıqlarını bildirdilər.
Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev ASAN xidmət barədə məlumat verərək bu xidmətin yaradılması ilə məmur-vətəndaş münasibətlərinə böyük töhfə verildiyini diqqətə çatdırdı. Natiq “ASAN – Master 2” layihəsində iştirak edən “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi üzvlərinin Binəqədi Rayon İcra Hakimiyyətində keçdikləri təcrübənin onların gələcək karyera həyatları üçün müsbət rolundan danışaraq bu təcrübənin onlara öz töhfəsini verəcəyini vurğuladı.   
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında Azərbaycanın son illər bir çox sahələr üzrə böyük uğurlara imza atmasına diqqət çəkərək, bunun təkcə ölkəmizdə deyil, həm də beynəlxalq aləmdə Azərbaycana müsbət imic qazandırdığını qeyd etdi. Rayon İcra Hakimiyyətinin başçısı vurğuladı ki, ölkə Prezidenti cənab İlham Əliyevin diqqəti və nəzarəti ilə fəaliyyət göstərən ASAN Xidmətin sözün həqiqi mənasında vətəndaşların işlərini asanlaşdırması bu qurumun nüfuzunu günbəgün artırmış və gənclərdə də bu sahəyə maraq oyatmışdır, onlar müvafiq sahədə könüllü kimi fəaliyyət göstərməyə başlamışlar. Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllülərinin könüllülük fəaliyyətini yüksək qiymətləndirən Xaləddin İsgəndərov gəncləri təcrübələrinin başa çatması münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
ASAN könüllülərə sertifikatların təqdim olunması mərasiminin ardınca tədbir iştirakçıları çay süfrəsi ətrafında səmimi söhbət etdilər.

Keçidlər