12 noyabr – Konstitusiya günü münasibətilə tədbir keçirildi
12 noyabr tarixində Binəqədi Rayon İcra Hakimiyyətində Konstitusiya Günü münasibətilə tədbir keçirildi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Yunis Hüseynov bu əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, Konstitusiyanın qəbulunun hər bir xalqın tarixində mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Natiq Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə referenduma çıxarılan Konstitusiyamızın dövlətin fəaliyyətinin əsas prinsiplərini, demokratik dövlət quruculuğu prosesinin başlıca istiqamətlərini, vətəndaşların fundamental hüquq və vəzifələrini müəyyən etdiyini, Konstitusiyanın üçdə bir hissəsini təşkil edən insan hüquq və azadlıqlarına dair müddəalar beynəlxalq hüquqi sənədlərdə təsbit olunmuş insan hüquqlarına dair normalarla uyğunluq təşkil etdiyini bildirdi. Konstitusiyanın qəbulundan sonra ölkədə bir çox sahələrdə, xüsusən hüquqi dövlət quruculuğu və insan haqları sahəsində əhəmiyyətli dəyişikliklərin baş verdiyi vurğulandı.
Y.Hüseynov öz çıxışında Azərbaycanın dövlətinin birinci Konstitusiyasının 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında, Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyasının 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edildiyini, Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyasının SSRİ Konstitusiyasına uyğunlaşdırıldığını qeyd etdi. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu.
Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009-cu ildə referendum yolu ilə edilib.
1996-cı il fevralın 6-da Prezident Heydər Əliyev sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edildi.