Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanda ilk dəfə “Orta məktəblərdə diaspor dərsləri” layihəsi Binəqədi rayonunun 244 saylı tam orta məktəbində keçirildi

14 noyabr 2015 | 11:00

Noyabrın 12-də Diaspor Jurnalistləri Birliyi könüllü olaraq “Orta məktəblərdə diaspor dərsləri” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi şagirdlərin Azərbaycan diasporu haqda düşüncəsini inkişaf etdirmək, sərhədlərimizin hüdudlarından kənarda da milyonlarla həmvətənimizin yaşaması haqda məlumat verməkdir.
İlk “Diaspor dərsi” Binəqədi rayonu Ə.Ələsgərov adına 244 nömrəli tam orta məktəbdə keçirildi. Öncə məktəbin direktoru Yəhya Abbasov çıxış edərək DJB-nin bu təşəbbüsünü yüksək qiymətləndirdi və layihənin şagirdlərin diasporla bağlı maariflənməsində əhəmiyyətli rol oynayacağını dedi.
DJB sədri Fuad Hüseynzadə bildirdi ki, ilk dəfə olaraq Azərbaycanda məktəblilərə bu formada “Diaspor dərsi” keçirilir.  
O, ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının xaricdəki azərbaycanlıların vahid ideya ətrafında birləşməsi üçün möhkəm istinad mənbəyi olduğunu dedi: “İndi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır. Onlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirirlər”.
Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabəyov Azərbaycan diasporunun inkişaf tarixi, məskunlaşma coğrafiyası haqqında məlumat verdi. Natiq qeyd ki, Diasporla iş üzrə Dövlət Komitəsi dövlətin siyasətini həyata keçirərək diasporun inkişafı istiqamətində işlər görür: “Hazırda dünyanın əksər ölkələrində azərbaycanlı icmaları üçrəngli bayrağımız altında fəaliyyət göstərir. Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması, onların diaspor hərəkatındakı iştirakı da uğurla gedir”.
Hollandiya-Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli diaspor təcrübəsindən danışaraq bildirdi ki, diaspor fəaliyyəti həm məsuliyyətli, həm də fəxrli işdir.
Diaspor Jurnalistləri Birliyinin sədr müavini Əli Zülfüqaroğlu Azərbaycan diasporunun erməni diasporuna qarşı mübarizəsindən danışdı.
Sonda Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli “Bugünkü gənc, sabahkı diaspordur” mövzusunda çıxış etdi.

Keçidlər